Azərbaycanda əmək pensiyalarının gələn ilin yanvarında yenidən artırılması gözlənilir.
Xəbər Yerində xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında ölkədə pensiyaların orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz yüksələrək 594 manata çatıb.
Deputat qeyd edib ki, artım əsasən cari ilin əvvəlindən əmək pensiyalarının 9,3 faiz indeksləşdirilməsi ilə əlaqədardır.
Gələn il pensiyalar necə artacaq?
Vüqar Bayramovun sözlərinə görə, qanunvericiliyə əsasən, əmək pensiyaları növbəti dəfə 2027-ci ilin yanvarında indeksləşdiriləcək. Artım 2026-cı il üzrə orta aylıq əməkhaqqının rəsmi artım göstəricisinə uyğun hesablanacaq.
Bildirilib ki, bu artımın təxminən 1 milyon 100 min pensiyaçını əhatə edəcəyi gözlənilir.

