Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların ailə üzvləri Belçikanın paytaxtı Brüsseldə dinc aksiya keçiriblər.
Xəbər Yerində Real TV-yə xəbər verir ki, aksiya Avropa İttifaqının əsas institutlarının yerləşdiyi Şuman meydanında təşkil olunub. Tədbirin təşkilatçısı “Qarabağ İtkin Ailələri” İctimai Birliyi olub.
Aksiyanın məqsədi 30 ildən artıqdır taleyi məlum olmayan yaxınlarının vəziyyətinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.
İştirakçıların sözlərinə görə, aksiyaya yaxınlaşan çoxsaylı əcnəbilər itkin düşənlər barədə məlumat almağa çalışıb, ailələrin yaşadığı ağrı və kədərə şərik olduqlarını bildirərək onlara dəstək göstəriblər.
“Mən rəqəm deyiləm, mənim adım var”
Matəm musiqisi və zəng səsləri altında keçirilən aksiyada 4 mindən çox itkin düşmüş şəxsin adından simvolik müraciət oxunub.
Müraciətdə itkinlərin hər birinin öz adı, ailəsi və həyatı olduğu vurğulanıb, onların naməlum qalmasına imkan verilməməsi çağırışı səsləndirilib.
Aksiya zamanı yaxınlarını onilliklərdir gözləyən ailə üzvləri də öz ağrılarını bölüşüblər.
İtkin düşmüş şəxslərdən birinin həyat yoldaşı 34 ildir onun yolunu gözlədiyini deyib. O, həyat yoldaşından heç olmasa bir xəbər almaq istədiyini bildirib:
“İstər ölüsü, istər dirisi, bir sağ xəbəri gəlsin. Çox istəyərdim. Hələ də gözüm yoldadır. Qapı döyüləndə yenə də ürəyim səs-səksəyə düşür ki, kaş mənim yoldaşım olaydı”.
İtkinlərin xatirəsinə simvolik instalyasiya
Təşkilatçılar aksiyada itkin düşmüş şəxslərin fotoşəkillərindən və onların adından yazılmış simvolik məktublardan ibarət instalyasiya da təqdim ediblər.
Küləkdə dalğalanan geyimlər itkin düşənlərdən geriyə qalan əşyaları simvolizə edib.
Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişlərə baxmayaraq, 1990-cı illərin əvvəllərində itkin düşən şəxslərin taleyi hələ də tam aydınlaşdırılmayıb.
Təqdim olunan məlumatda itkin düşənlərin siyahısında 4 mindən çox şəxsin olduğu, onların arasında 71 uşaq, 288 qadın və 398 yaşlı insanın yer aldığı bildirilib.

