Bakıda fəaliyyət göstərən lazer salonunda müştərinin bədənində yanıq izlərinin yarandığı iddia olunur. Azyaşlının valideyni salon rəhbərliyindən dəymiş ziyanın ödənilməsini və qızının həkimə aparılmasını tələb edir.
Xəbər Yerində Baku TV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı qaynar xəttə müraciət edən paytaxt sakininin sözlərinə görə, qızı ayın 6-da Nərimanov rayonunda yerləşən salonda lazer epilyasiyası etdirib. Prosedur zamanı ağrı hiss etdiyini bildirsə də, lazeroloq ona narahatlığa əsas olmadığını deyib.
Valideynin iddiasına görə, qızı prosedurdan ağlayaraq çıxıb. Həmin axşam onun bədənində müxtəlif xəsarət və yanıq izləri aşkar edilib. Şəkilləri lazeroloqa göndərdikdə isə izlərin iki-üç gün ərzində keçəcəyini bildiriblər. Lakin valideynin sözlərinə görə, sonradan qızının bədəninin müxtəlif nahiyələrində yaralar əmələ gəlib.
O, qızının sağlamlığına dəymiş zərərin ödənilməsini və müayinə üçün həkimə aparılmasını istəyir.
Salon rəhbərliyi nə deyir?
Salon nümayəndəsi isə bildirib ki, müştərinin dərisində prosedurdan əvvəl də izlər olub və lazer həmin nahiyələrə yenidən tətbiq edildikdən sonra izlər daha da nəzərə çarpıb.
Onun sözlərinə görə, müştəriyə həmin gün çimməyin və lazer prosedurunun aparılmasının uyğun olmadığı barədə xəbərdarlıq edilib. Bununla belə, müştərinin israr etdiyini və salonun onun istəyini nəzərə aldığını deyib.
Tərəflər arasında yazışmaların olduğu da bildirilib. Salon nümayəndəsi müştəriyə krem alındığını qeyd etsə də, valideyn qızının vəziyyətinin ağır olduğunu və bu addımın yaranmış problemi aradan qaldırmadığını vurğulayıb.
Hüquqşünas: Məsuliyyət üçün sübutlar araşdırılmalıdır
Məsələni şərh edən hüquqşünas bildirib ki, xidmət zamanı şəxsin həyatına və sağlamlığına zərər dəydiyi iddia olunursa, hadisə ilə göstərilən xidmət arasında səbəbli əlaqə müəyyənləşdirilməlidir.
Onun sözlərinə görə, istehlakçı narazı qaldığı halda müvafiq qurumlara, məhkəməyə və digər səlahiyyətli orqanlara müraciət edə bilər. Zərərin xarakterindən və işin hallarından asılı olaraq müxtəlif hüquqi məsuliyyət məsələləri yarana bilər.
Hüquqşünas əlavə edib ki, mübahisənin obyektiv araşdırılması üçün sübutlar, tibbi sənədlər və zərurət olduqda ekspert rəyi əhəmiyyət daşıyır. Xidmət göstərən şəxs də müştərinin sağlamlığı üçün risk olduğunu müəyyən etdikdə prosedurdan imtina edə bilər.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün ekspert qiymətləndirməsinə ehtiyac olduğu bildirilib.

