Rusiyada vəba panikası: 197 nəfər karantində

Rusiyada vəba panikası: 197 nəfər karantində

Xəbər Yerində xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində vəba xəstəliyinin aşkarlanması ilə bağlı məlumatlar yayılıb.

Yerli media və “Telegram” kanalları İrkutsk və Şelexov şəhərlərində vəba ilə bağlı şübhəli halın qeydə alındığını yazıb.

Məlumata görə, Vəba ilə Mübarizə İnstitutunun 28 yaşlı laboratoriya texniki Darya Şipilova ötən həftə İrkutskın peyk şəhəri Şelexovda vəfat edib. O, sentyabrın 29-da xəstəxanaya yerləşdirilib və iki gün sonra dünyasını dəyişib.

Ölümün səbəbi ilə bağlı ziddiyyətli məlumatlar

Şipilovanın ölümündən sonra hadisə ilə bağlı iki versiya yayılıb. Bir versiyaya əsasən, qadın Taylanddan qayıtdıqdan sonra pnevmonik vəba şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Digər versiyada isə onun vəba törədicisinin olduğu sınaq borusunu təsadüfən sındırdığı iddia edilir.

Oktyabrın 4-də “Baykalın insanları” nəşri İrkutskdakı bir neçə xəstəxanada üç həftəlik karantin tətbiq edildiyini yazıb. Bildirilib ki, 1, 3 və 10 nömrəli şəhər klinik xəstəxanaları, həmçinin İvano-Matreninskaya Uşaq Xəstəxanası bağlanıb.

Rospotrebnadzor məlumatı təkzib edib

Rospotrebnadzor İrkutsk vilayətində, eləcə də İrkutsk və Şelexov şəhərlərində sanitar-epidemioloji vəziyyətin sabit olduğunu açıqlayıb.

Qurumun məlumatına görə, son hadisə İrkutsk Vəba ilə Mübarizə İnstitutunun “naməlum etiologiyalı pnevmoniya” diaqnozu ilə xəstəxanaya yerləşdirilən əməkdaşı ilə əlaqəlidir.

Rospotrebnadzor xüsusilə vurğulayıb ki, ölən qadının orqanizmində onun peşə fəaliyyəti ilə əlaqəli hər hansı mikroorqanizm aşkar edilməyib. Qurum institutda patogen mikroorqanizmlərlə bağlı hər hansı hadisənin baş vermədiyini də bildirib.

İrkutsk vilayətinin regional hakimiyyəti də qadının ölümünü və ya vəbanın təsdiqlənmiş halını açıqlamayıb.

197 nəfər karantinə alınıb

Məlumata görə, oktyabrın 1-dən Darya Şipilova ilə təmasda olan şəxslərdən analizlər götürülüb.

“İzvestiya” oktyabrın 2-də 197 nəfərin karantinə alındığını yazıb. Rospotrebnadzor isə həmin şəxslərdə xəstəliyin hər hansı əlamətinin aşkarlanmadığını bildirib.

Bununla yanaşı, Şelexovda maska taxmaqla bağlı tədbirlər görülüb. Yerli sakinlərin küçələrdə qoruyucu kostyum, maska və əlcək geyinmiş şəxsləri gördükləri bildirilir.

İrkutsk vilayətində vəba ilə bağlı yayılan məlumatların böyük hissəsinin hələlik rəsmi şəkildə təsdiqlənmədiyi qeyd olunur.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir