“Sədərək”dən hicabla bağlı iddialara cavab: “Tamamilə yalandır”

“Sədərək”dən hicabla bağlı iddialara cavab: “Tamamilə yalandır”

“ Sədərək” Ticarət Mərkəzində çalışan hicablı xanımların işdən çıxarılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan məlumatlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı qadınların işə gəlməmələrinin bildirildiyi iddia olunub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

O qeyd edib ki, Azərbaycanda hicabla bağlı hər hansı qadağa yoxdur və ticarət mərkəzində hicablı qadınlara qarşı heç bir məhdudiyyət tətbiq edilməyib.

“Ölkəmizdə hicabla bağlı heç bir qadağa yoxdur. Dünyəvilik prinsipinə əsaslanan vahid məktəbli geyiminin tətbiqini ölkədə hicabın qadağan olunması ilə əlaqələndirmək düzgün deyil. Burada söhbət hicabın ləğvindən getmir. “Sədərək” Ticarət Mərkəzində də hicablı xanımlarla bağlı hər hansı məhdudiyyət tətbiq edilməyib. Tamamilə əsassız və yalan məlumatdır”, – deyə o vurğulayıb.

Mətbuat katibi bildirib ki, ticarət mərkəzi sahibkarlardan ibarətdir və onların işçilərini işdən çıxarmaqla bağlı belə bir göstəriş verilməyib.

“Sahibkarları biz işə götürmüşük ki, indi də işdən çıxarmaq barədə əmr verək? Sahibkarlar burada öz bizneslərini qurublar. “Sədərək” Ticarət Mərkəzində heç kim hicablı şəxslərin içəri buraxılmaması barədə göstəriş verə bilməz. Gəlib baxın, görün burada nə qədər hicablı xanım var”, – deyə Kəmaləddin Qədim bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir