Sabunçu Tibb Mərkəzində dializ xəstələrinin şikayətləri artır: “Biz ölümümüzə doğru gedirik”

Sabunçu Tibb Mərkəzində dializ xəstələrinin şikayətləri artır: “Biz ölümümüzə doğru gedirik”

“Xəbər Yerində” xəbər verir ki, Sabunçu Tibb Mərkəzinin Dializ şöbəsində müalicə alan xəstələrin səhhətində yaranan problemlərlə bağlı narahatlıq davam edir.

Xatırladaq ki, daha əvvəl də Sabunçu Tibb Mərkəzinin Dializ şöbəsində oxşar vəziyyətlə bağlı xəbər vermişdik. Belə ki, böyrək xəstəliyindən müalicə alan 17 yaşlı İsmayıl Ağamaliyevin dializ zamanı vəziyyətinin pisləşdiyi bildirilmişdi.

Gəncin ailəsinin sözlərinə görə, prosedur zamanı onun hərarəti yüksəlib, ürəkbulanma və titrəmə müşahidə olunub. Həmin vaxt digər dializ xəstələrində də oxşar əlamətlərin ortaya çıxdığı iddia edilmişdi.

Hadisə zamanı tibb müəssisəsində narahatlıq yarandığı, xəstələrə isə “burada virus yayılıb, ehtiyatlı olmaq lazımdır” deyildiyi bildirilmişdi. İsmayıl Ağamaliyevin anası oğlunun səhhətinin onsuz da həssas olduğunu və baş verənlərin ailəni ciddi narahat etdiyini söyləmişdi.

Sabunçu Tibb Mərkəzindən isə məsələ ilə bağlı araşdırma aparılacağı və ailənin səsləndirdiyi iddialara münasibət bildiriləcəyi açıqlanmışdı.

Yeni müraciət: “Dializdən təxminən bir saat sonra üşütmə başlayır”

İndi isə Sabunçu Tibb Mərkəzində üç ildən çoxdur hemodializ müalicəsi alan Günel Yıldırım oxşar şikayətlə çıxış edib.

Onun Baku TV-yə bildirdiyinə görə, iki həftədən çoxdur ki, dializə girdikdən təxminən bir saat sonra həm onda, həm də digər xəstələrdə üşütmə müşahidə olunur.

“Soruşuruq ki, bu vəziyyətin sonu necə olacaq? Deyirlər, hələlik gəlməyin, özəl klinikaya gedin, biz bunun çarəsini tapa bilmirik. Demək olar ki, bütün xəstələrdə bu hal müşahidə olunur. Kateteri olan xəstələrə bunun infeksiya ilə bağlı ola biləcəyi deyilir. Amma bununla bağlı bizdən hər hansı analiz götürülməyib”, – deyə Günel Yıldırım bildirib.

Nefroloq: “İnfeksiya ilə əlaqəli ola bilər”

Nefroloq Kamil Müslümovun sözlərinə görə, hemodializ zamanı üşütmə və bu kimi hallar kateterdə infeksiya ilə əlaqəli ola bilər.

Mütəxəssis pasiyentlərin infeksionistə müraciət etməli və zəruri tibbi müayinələrdən keçməli olduğunu bildirib. Onun sözlərinə görə, müayinələrin nəticələrindən asılı olaraq müvafiq müalicə aparılmalıdır.

Kamil Müslümov qeyd edib ki, müvəqqəti kateterlər bir həftədən üç həftəyə qədər, daimi kateterlər isə 6 aydan 18 aya qədər istifadə olunur. Bu müddətdən artıq istifadə zamanı belə halların yaranması mümkündür.

Sabunçu Tibb Mərkəzi: “Dezinfeksiya tədbirləri mütəmadi həyata keçirilir”

Məsələ ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, hemodializ müalicəsi alan pasiyentlərin immun sistemi daha həssas olduğundan onlarda infeksion xəstəliklərin yaranma riski yüksəkdir.

Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hemodializ şöbələrində dezinfeksiya və sterilizasiya tədbirləri mütəmadi həyata keçirilir, aseptika və antiseptika qaydalarına ciddi nəzarət olunur.

Mərkəzdən bildirilib ki, hemodializ prosedurunun uzunmüddətli kateter vasitəsilə aparılması bəzi hallarda pasiyentlərdə qızdırma və digər reaksiyalara səbəb ola bilər.

“Qızdırma müşahidə olunan hallarda pasiyentlər müayinəyə cəlb olunaraq müvafiq müalicə ilə təmin edilirlər”, – deyə açıqlamada vurğulanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir