ADY Bakı–Tbilisi qatar biletləri ilə bağlı xəbərdarlıq etdi
Son günlər bəzi sərnişinlər “Rome2Rio” platformasında Bakı–Tbilisi marşrutu üzrə göstərilən qatar biletlərinin qiymətləri ilə bağlı müraciətlər ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Rome2Rio” platforması ADY-nin rəsmi satış kanalı və ya tərəfdaşı deyil.
Qurumun məlumatına görə, həmin platformada Bakı–Tbilisi–Bakı istiqaməti üzrə göstərilən 9–19 ABŞ dolları aralığındakı qiymətlər ADY tərəfindən təqdim olunmayıb, razılaşdırılmayıb və real satış tariflərini əks etdirmir.
ADY qeyd edib ki, platformada göstərilən qiymət seçildikdə istifadəçi rəsmi satış səhifəsinə yönləndirilir. Lakin həmin keçid zamanı göstərilən tarix və məbləğ üzrə biletin mövcud olmadığı məlum olur. Bu isə “Rome2Rio”da yerləşdirilən məlumatların ADY-nin faktiki satış sistemi ilə uyğun gəlmədiyini göstərir.
Qurum sərnişinlərə xatırladıb ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlər yalnız ADY-nin rəsmi satış kanalları vasitəsilə əldə edilə bilər. Rəsmi olmayan platformalarda təqdim edilən daha ucuz və ya daha baha qiymətlər ADY-nin tariflərini əks etdirmir.
Sərnişinlərə biletləri yalnız aşağıdakı rəsmi mənbələrdən əldə etmək tövsiyə olunur:
- ADY-nin rəsmi internet saytı;
- ADY Mobile mobil tətbiqi;
- Bakı, Gəncə və Tbilisi dəmiryol vağzallarının kassaları.


