Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət əvvəl əməliyyat olunması barədə xəbərlər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.
Sevil Nuriyeva İstanbulda Zeynəb Xanlarova ilə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşaraq görüşdən duyğularını bölüşüb.
Jurnalist bildirib ki, Zeynəb Xanlarovaya uşaqlıq illərindən heyranlıq duyur və illər ərzində onların arasında ailəvi dostluq yaranıb.
“Bu gün İstanbulda Türk dünyasının əfsanəvi sənətkarı, hörmətli Zeynəb Xanlarova ilə yenidən görüşməyin sevincini yaşadım. Ona kiçik yaşlarımdan heyranlıq duyuram. İllər keçdi və aramızda ailəvi bir dostluq başladı. O, televiziya verilişlərimin qonağı olurdu, nə vaxt dəvət etsəm, həmişə müsbət cavab verirdi”, – deyə Sevil Nuriyeva qeyd edib.
“Yenə də çox kövrəldim”
Jurnalist Zeynəb Xanlarovanı tarixi hadisələrin şahidi olmuş, milli kimliyi və yaddaşı özündə yaşadan, millət və vətən dəyərlərini uca tutan əfsanəvi şəxsiyyət kimi xarakterizə edib.
O, sənətkarla uzun söhbətdən böyük ilham aldığını bildirib:
“Tarixi hadisələrin şahidi olmuş, milli kimliyi və yaddaşı özündə təcəssüm etdirən, millət və vətən dəyərlərini uca tutan əfsanəvi bir şəxsiyyət… Uzun söhbətimizdən aldığım ilhamı sözlə ifadə edə bilmirəm.
O mənə həmişə “Sevil can” deyə müraciət edir, eynilə uşaqlığımda nənəmin mənə səsləndiyi kimi. Bilmirəm niyə, amma yenə də çox kövrəldim. Əziz Zeynəb xanım, Allah sizi qorusun”.

