“Xəbər Yerində” Oxu.Az-a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində şəxsin şərəf və ləyaqətinin müdafiəsi, sosial şəbəkələrdə yayılan məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxılıb.
Məhkəməyə müraciət edən iddiaçı cavabdehdən sosial şəbəkələrdə yaydığı məlumatların təkzib edilməsini və 100 min manat mənəvi ziyan tutulmasını tələb edib.
YouTube, TikTok və Instagram-da yayılan videolar
İddia ərizəsində bildirilib ki, cavabdeh “YouTube”, “TikTok” və “Instagram” platformalarında yayımlanan videolarda iddiaçının və onun ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlədib, onların şəxsi və ailə həyatına dair məsələləri ictimai müzakirəyə çıxarıb.
Məhkəmə iş üzrə təqdim olunan sübutları və videomaterialları araşdıraraq cavabdehin ifadələrinin iddiaçının və ailə üzvlərinin şəxsi həyatına müdaxilə xarakteri daşıdığı, onların şərəf və ləyaqətini alçaltdığı qənaətinə gəlib.
“Həqiqət olsa belə, şəxsi həyata müdaxilə hüquqa zidd ola bilər”
Məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququnu təmin edir.
Məhkəmənin mövqeyinə görə, şəxsin ailə münasibətləri, uşaqların mənşəyi və digər şəxsi məlumatları üstün ictimai maraq olmadan kütləvi müzakirəyə çıxarıla bilməz. Hətta məlumatların həqiqətə uyğun olması belə, onların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsini hər zaman qanuni etmir.
Qeyd olunub ki, uşaqların doğulma şəraitinə görə fərqləndirilməsi və mənşəyi ilə bağlı alçaldıcı ifadələrin işlədilməsi yolverilməzdir. Belə davranış onların hüquqlarına, psixoloji sağlamlığına və sosial rifahına mənfi təsir göstərə bilər.
Sosial şəbəkələrdə söz azadlığı ilə bağlı mövqe
Məhkəmə bildirib ki, ifadələrin hüquqi qiymətləndirilməsi zamanı onların ümumi konteksti, deyildiyi şərait və konkret şəxsə ünvanlanıb-ünvanlanmaması nəzərə alınmalıdır.
Şəxsin adının birbaşa çəkilməməsi onun şərəf və ləyaqətinin pozulmasını istisna etmir. Eyni zamanda, mübahisəli ifadələrin sosial şəbəkələrdə dəfələrlə təkrarlanması davranışın sistemli və məqsədyönlü xarakter daşıdığını göstərib.
Məhkəmə diqqətə çatdırıb ki, Konstitusiyanın 47-ci maddəsi ilə təmin olunan fikir və söz azadlığı mütləq hüquq deyil. Sosial şəbəkələrdə ifadə azadlığından istifadə digər şəxslərin şərəf və ləyaqətinə, eləcə də şəxsi həyatına hörmət etmək öhdəliyini aradan qaldırmır.
Vurğulanıb ki, real həyatda qüvvədə olan etik və hüquqi normalar rəqəmsal mühitdə də qorunmalıdır. Rəqəmsal imkanlardan etik qaydalara riayət edilmədən istifadə hüquq pozuntusuna səbəb ola bilər.
Həmçinin qeyd olunub ki, ictimaiyyət arasında tanınan şəxslərin daha geniş tənqid olunması onların ictimaiyyətə açıq olmayan ailə üzvlərinin də eyni müdaxilələrə məruz qalmalı olduğu anlamına gəlmir.
100 min manat tələb edildi, 7 min manat tutuldu
Mənəvi ziyanın məbləği müəyyən edilərkən hüquq pozuntusunun xarakteri, məlumatların yayılma miqyası, vurulmuş mənəvi zərər, cavabdehin davranışı və onun maddi imkanları ilə bağlı sübutlar nəzərə alınıb.
Məhkəmə vurğulayıb ki, mənəvi ziyana görə kompensasiya həm pozulmuş hüquqların müdafiəsinə, həm də gələcəkdə analoji hüquq pozuntularının qarşısının alınmasına xidmət etməlidir.
Yekunda Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib.
Cavabdehin sosial şəbəkələrdə işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunub.
Qərara əsasən, cavabdehdən iddiaçının xeyrinə 7 000 manat mənəvi ziyan və 90 manat dövlət rüsumu tutulması qət edilib.

