Çində 67 yaşlı fermer süni intellekt tətbiqinin tövsiyə etdiyi kənd təsərrüfatı dərmanından istifadə etdikdən sonra 25 hektarlıq əkin sahəsindəki məhsulunu itirib.
Hadisə Anhui əyalətinin Çuzhou şəhərində baş verib. Bildirilir ki, fermer təxminən bir ildir gübrələmədən tutmuş əkin təqviminin hazırlanmasına qədər müxtəlif məsələlərdə süni intellekt proqramından istifadə edirmiş.
Fermer küncüt sahəsində alaq otları və zərərvericilərlə mübarizə aparmaq üçün ən uyğun üsulla bağlı da süni intellektə müraciət edib. Lakin o, tətbiqin verdiyi tövsiyəni digər mənbələrdən yoxlamadan həyata keçirib.
Nəticədə tövsiyə olunan dərmandan istifadə edildikdən sonra sahədəki bütün cücərtilər quruyub.
Aqrar mütəxəssislər problemin preparatın tərkibindəki flufenaset adlı herbisidlə bağlı olduğunu bildiriblər. Onların sözlərinə görə, bu maddə düzgün və hədəfli tətbiq edilmədikdə küncüt əkinlərinə ciddi zərər vura bilər.
Maraqlıdır ki, süni intellekt tətbiqinin ekranında məlumatların səhv ola biləcəyi və istifadəçiyə onları mütləq yoxlamaq tövsiyə edildiyi barədə xəbərdarlıq da yer alıb.
Süni intellektin tibbi məsləhətləri də təhlükə yarada bilər
Süni intellektin verdiyi məlumatların yoxlanılmadan tətbiq edilməsi ilə bağlı daha əvvəl də təhlükəli hallar qeydə alınıb.
Ötən il bir istifadəçi süfrə duzunun azaldılması ilə bağlı süni intellektin tövsiyəsinə əməl edərək qidalarına natrium bromid əlavə edib. Üç ay ərzində bu maddəni qəbul edən şəxs brom zəhərlənməsi səbəbilə xəstəxanaya yerləşdirilib və psixoz müalicəsi alıb.
“Annals of Internal Medicine” jurnalında dərc olunan araşdırmada da süni intellekt tətbiqlərinin elmi baxımdan yanlış məlumatlar yarada biləcəyi və bunun informasiya çirklənməsinə səbəb ola biləcəyi vurğulanıb.
Mütəxəssislər xüsusilə kənd təsərrüfatı, tibb və digər yüksək riskli sahələrdə süni intellektin verdiyi məlumatların mütəxəssis və etibarlı mənbələrlə yoxlanılmasının vacibliyini bildirirlər.

