Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov barəsində inzibati protokol tərtib olunub.
Xəbər Yerində “AzNews.az”a istinadən xəbər verir ki, icra başçısı haqqında İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol hazırlanaraq məhkəməyə göndərilib.
İşə baxılarkən müəyyən edilib ki, eyni vaxtda baş vermiş hadisə ilə əlaqədar Vüqar Zeynalov barəsində həmin maddə ilə daha bir inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilib. Həmin iş hazırda məhkəmənin icraatındadır.
Məhkəmə bu səbəbdən hazırkı işin icraatında olan digər işlə birləşdirilməli olduğu qənaətinə gəlib.
1200-2500 manat cərimə nəzərdə tutulur
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsini əhatə edir.
Vüqar Zeynalovun konkret olaraq hansı qanuni tələbi yerinə yetirmədiyi hələlik məlum deyil.
Həmin maddənin tələblərini pozan vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə cərimə edilə bilərlər.
Xatırladaq ki, Vüqar Zeynalov 2018-ci ildən Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

