TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, TƏBİB-in hüquq və öhdəlikləri, eləcə də əmlakı Səhiyyə Nazirliyinin tabeliyində yaradılan TƏBİB publik hüquqi şəxsə keçir.

Yeni qurumun nizamnamə fondu onun əmlakı hesabına formalaşdırılacaq.

TƏBİB dövlət qeydiyyatına alınan günədək fəaliyyətini davam etdirəcək. Bu müddətdə qurumun Müşahidə Şurasının səlahiyyətlərini Səhiyyə Nazirliyinin yaratdığı komissiya həyata keçirəcək.

TƏBİB-in cari fəaliyyətinə Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun dörd müavinindən ibarət İdarə Heyəti rəhbərlik edəcək.

TƏBİB-in təsisçi səlahiyyətləri kimə həvalə edildi?

Fərmana əsasən, TƏBİB-in təsisçisinin bir sıra səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib.

Bura qurumun nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi və dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması, yenidən təşkili və ləğvi daxildir. Həmçinin “Publik hüquqi şəxslər haqqında” Qanunun 3.3-cü maddəsində nəzərdə tutulan qərarın qəbulu Prezidentin səlahiyyətlərinə aid edilib.

Fərmanda göstərilən istisnalar nəzərə alınmaqla, həmin Qanunun 8.2-ci maddəsinə əsasən təsisçinin digər səlahiyyətlərinin həyata keçirilməsi Səhiyyə Nazirliyinə həvalə olunub.

Nazirlər Kabinetinə üç ay vaxt verildi

Nazirlər Kabineti Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayaraq Prezidentə təqdim etməlidir.

Həmçinin Səhiyyə Nazirliyinin təklifləri əsasında TƏBİB-in nizamnaməsinin layihəsi, o cümlədən nizamnamə fondunun miqdarı hazırlanaraq təqdim edilməlidir. Nazirlər Kabineti Fərmandan irəli gələn digər məsələləri də həll etməlidir.

TƏBİB-in qeydiyyatı və əmlakının verilməsi

Səhiyyə Nazirliyi Fərmanda nəzərdə tutulan komissiyanın yaradılmasını təmin etməlidir.

TƏBİB-in nizamnaməsi təsdiq edildikdən sonra Nazirlik üç gün ərzində qurumun dövlət qeydiyyatına alınması üçün qanunvericiliyə uyğun tədbirlər görməlidir.

TƏBİB dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində publik hüquqi şəxsin əmlakının aidiyyəti üzrə TƏBİB-in balansına verilməsi üçün müvafiq tədbirlər həyata keçirilməlidir.

Nazirlik, həmçinin Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri addımlar atmalıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir