Xəbər Yerində Türkiyə mediasına istinadən xəbər verir ki, bir sıra türk media orqanları Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində şagird geyimləri ilə bağlı qəbul edilən yeni qaydaları “başörtüsü yasağı” kimi təqdim edib.
Məsələ Azərbaycan Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi 309 nömrəli qərarla bağlıdır. Qərarla dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyimi ilə bağlı mövcud qaydalara dəyişiklik edilib.
Yeni qaydalara əsasən, müəyyən edilmiş məktəbli formasının bütövlüyünü pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir.
Türkiyə mediasında “hicab qadağası” kimi təqdim edildi
Türkiyənin “Sözcü”, “Halk TV”, “Ensonhaber” və digər media qurumları qərarı “Azərbaycanda məktəblərdə başörtüsü qadağası” başlıqları ilə işıqlandırıb.
“Başörtüsü” və “hicab” ifadələri isə Nazirlər Kabinetinin qərarının mətnində birbaşa qeyd olunmayıb. Buna görə də söhbətin hicabın ayrıca adla qadağan edilməsindən deyil, yeni geyim qaydalarının hicab məsələsinə necə tətbiq olunacağından getdiyi bildirilir.
Qeyd edək ki, yeni qaydalara əsasən, şagirdlərin geyim tələblərinə əməl etməsinə görə valideyn və ya digər qanuni nümayəndələr də məsuliyyət daşıyır. Geyim qaydalarına əməl olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən nəzərdən keçiriləcək.


