Xəbər Yerində Report-a istinadən xəbər verir ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində turnirin istirahət günündə iştirakçılar üçün Atletlər Kəndində əyləncə proqramı təşkil olunub.
Təsnifat mərhələsinin başa çatması ilə turnirin növbəti mərhələsinin başlaması arasındakı fasilədə oyunlar keçirilməyib. Yeniyetmə futbolçuların asudə vaxtını səmərəli və maraqlı təşkil etmək məqsədilə Atletlər Kəndində müxtəlif fəaliyyətləri əhatə edən xüsusi proqram hazırlanıb.
Festival çərçivəsində yerli sənətçilərin musiqi çıxışları, rəqs nömrələri və interaktiv oyunlar təqdim edilib. İştirakçılar üçün stolüstü və kompüter oyunları ilə təchiz olunmuş istirahət zonaları yaradılıb, müxtəlif fəaliyyətlərin yer aldığı yarmarka təşkil edilib.
Yeniyetmə futbolçular İçərişəhəri də gəziblər
Turnir iştirakçılarının bir qismi istirahət günündə İçərişəhərə baş çəkərək Bakının qədim tarixi, zəngin mədəni irsi və tarixi məkanları ilə tanış olub. Gəzinti gənc futbolçulara yarış proqramından kənarda şəhəri kəşf etmək və paytaxtın tarixi ab-havasını yaxından hiss etmək imkanı yaradıb.
Festivalı AFFA prezidenti Rövşən Nəcəf də ziyarət edib. O, Atletlər Kəndində yaradılan şəraitlə və tədbirin təşkili ilə tanış olub.
Gərgin təsnifat oyunlarından sonra təşkil edilən istirahət günü yeniyetmə futbolçuların dincəlməsi, fiziki və emosional baxımdan bərpa olunması, eləcə də turnirin növbəti mərhələsinə hazırlaşması baxımından əhəmiyyət daşıyıb.
Eyni zamanda, festival müxtəlif ölkələrdən gələn iştirakçıların meydandan kənarda ünsiyyət qurması, bir-birinin mədəniyyətini daha yaxından tanıması və Azərbaycan qonaqpərvərliyi ilə tanış olması üçün əlverişli şərait yaradıb.
Musiqi, oyunlar və birgə fəaliyyətlər fərqli ölkələrdən olan yeniyetmələr arasında dostluq əlaqələrinin qurulmasına, qarşılıqlı hörmətin və komanda ruhunun möhkəmlənməsinə töhfə verib. Beləliklə, istirahət günü təkcə turnirin gərgin proqramında fasilə deyil, həm də FIFA U-15 Dünya Çempionatı və Festivalının futbol vasitəsilə gəncləri bir araya gətirmək məqsədini əks etdirən xüsusi tədbir olub.
Turnirin final oyunları oktyabrın 30-da keçiriləcək
Turnirin mərhələsi oktyabrın 28-dən 30-dək Hövsan Yarış Kompleksində davam edəcək. Oktyabrın 28 və 29-da hər gün 192, oktyabrın 30-da isə 90 oyunun keçirilməsi nəzərdə tutulub.
FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək altı final oyunu, mükafatlandırma mərasimi və bağlanış tədbiri ilə başa çatacaq.






