Vəzifəli şəxslər aldıqları hədiyyələri gizlədə bilməyəcəklər

Vəzifəli şəxslər aldıqları hədiyyələri gizlədə bilməyəcəklər

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, “Maraqlar toqquşması haqqında” qanun layihəsində vəzifəli şəxslərin gəlir əldə etməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulub.

Layihəyə əsasən, vəzifəli şəxslər vergidən azad edilən və ya güzəştli vergi rejimi tətbiq olunan ərazilərdə, eləcə də “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınan emitentlərin qiymətli kağızlarından gəlir əldə edə bilməzlər.

Vəzifəli şəxslərə hansı məhdudiyyətlər tətbiq ediləcək?

Sənəddə bildirilir ki, hüquqi şəxslərin idarəetmə orqanlarında, o cümlədən icra orqanında, direktorlar və ya müşahidə şurasında, eləcə də təftiş komissiyasında və audit komitəsində dövləti və ya bələdiyyəni təmsil edən vəzifəli şəxslərə bir sıra hərəkətlər qadağan edilir.

Belə şəxslər:

  • Təmsil etdikləri hüquqi şəxsdən, onun idarəetmə orqanlarının və ya təftiş komissiyasının üzvlərindən hədiyyə qəbul edə bilməzlər;
  • Təmsil etdikləri hüquqi şəxsin payını və ya səhmini, eləcə də həmin qurumun əmlakını və əmlak hüquqlarını əldə edə bilməzlər;
  • Həmin hüquqi şəxsdə hər hansı ödənişli vəzifə tuta bilməzlər.

Layihəyə görə, bu məhdudiyyətlərə nümayəndəlik funksiyasına xitam verildikdən sonra da iki il ərzində əməl edilməlidir.

Sahibkarlıq və kommersiya fəaliyyətinə də məhdudiyyət qoyulur

Qanun layihəsində nəzərdə tutulur ki, vəzifəli şəxslər birbaşa, başqa şəxslər və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

Bununla yanaşı, xidməti vəzifələrin icrası ilə əlaqəsi olmayan və sahibkarlıq, kommersiya və ya digər ödənişli fəaliyyət hesab edilməyən gəlirlərin əldə olunmasına müəyyən şərtlərlə icazə verilir.

Belə ki, vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və icarədən gəlir götürə bilərlər.

Sənəddə xidməti vəzifələrin icrası zamanı əldə edilən, ictimaiyyətə açıqlanmayan insayder məlumatlardan istifadə ilə bağlı da qadağa yer alıb. Vəzifəli şəxslər bu məlumatlardan yararlanaraq birbaşa və ya dolayı yolla qiymətli kağızları ala, sata, başqa formada ticarət edə, yaxud maddi və digər nemət, üstünlük və ya güzəşt əldə etməyə yönəlmiş fəaliyyət göstərə bilməzlər.

Şirkətlərin idarəetmə orqanlarında təmsilçilik

Layihəyə əsasən, dövləti və ya bələdiyyəni hüquqi şəxslərin idarəetmə orqanlarında təmsil etmə halları istisna olmaqla, vəzifəli şəxslərin sahibkarlıq subyektlərinin idarəetmə orqanlarına, təftiş komissiyalarına və audit komitələrinə daxil olması, eləcə də həmin qurumları təmsil etməsi qadağan ediləcək.

Qeyd edək ki, bu müddəalar “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir