“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adının hallandırılması ilə bağlı bir sıra xarici media resurslarında yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır.
Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında bildirilib.
“Əsassız iddiaların fakt kimi təqdim edilməsi narahatlıq doğurur”
Açıqlamada qeyd olunub ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters”, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan, Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur.
Şura rəsmi mənbəyə istinad edilmədən belə materialların dövriyyəyə buraxılmasını qəbuledilməz informasiya manipulyasiyası hesab edib.
“Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaq məqsədi daşıyır”
Açıqlamada vurğulanıb ki, sözügedən dezinformasiya kampaniyasının arxasında duran qüvvələrin məqsədi son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır.
“Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir”, – deyə açıqlamada bildirilib.
Şura beynəlxalq media subyektlərini peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi riayət etməyə çağırıb.
Həmçinin həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiya edilməsinə yol verilməməsi tələb olunub.

