Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması və əsas magistral yollara çıxışın asanlaşdırılması məqsədilə iki mühüm yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Xəbər Yerində xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən Oxu.Az məlumat yayıb.
Bildirilib ki, layihələr “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunacaq. Hər iki layihə proqramda yer alan 24 yol layihəsindən ibarət siyahıya daxildir.
Dəmir yolu Xırdalanı iki hissəyə ayırır
Hazırda Xırdalan şəhərindən keçən dəmir yolu xətti şəhəri iki hissəyə bölür. Keçidlərin sayının məhdud olması sürücülərin getdikləri ünvana çatmaq üçün daha uzun məsafə qət etməsinə səbəb olur. Bu vəziyyət bəzi küçələrdə nəqliyyat sıxlığını artırmaqla yanaşı, M-1 və M-4 magistral avtomobil yollarına çıxışı da çətinləşdirir.
Yeni tunel və əlaqələndirici yollar inşa ediləcək
Birinci layihə çərçivəsində yeni tunelin və əlaqələndirici yolların tikintisi planlaşdırılır. Bununla yanaşı, mövcud yolların və yol qovşaqlarının yenidən təşkili də nəzərdə tutulur.
Görüləcək işlər nəticəsində Xırdalanın M-1 və M-4 magistral avtomobil yolları ilə nəqliyyat əlaqələri genişləndiriləcək. Eyni zamanda, şəhərin müxtəlif hissələri arasında əlavə hərəkət imkanları yaradılacaq.
M-4-dən şəhər mərkəzinə birbaşa yol açılacaq
İkinci layihə M-4 magistral avtomobil yolundan Xırdalan şəhərinin mərkəzinə birbaşa nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.
Layihəyə əsasən, bu istiqamətdə yeni tunel və müxtəlif səviyyəli yol ötürücüsü inşa ediləcək. Bu infrastrukturun şəhər mərkəzinə gediş-gəlişi asanlaşdıracağı və sürücülər üçün alternativ marşrut yaradacağı gözlənilir.
Xırdalanda tıxacların azalması gözlənilir
Bir-birini tamamlayan iki layihənin həyata keçirilməsi şəhərin daxili yol şəbəkəsi ilə əsas magistrallar arasında alternativ nəqliyyat əlaqələrinin formalaşmasına imkan verəcək.
Nəticədə sürücülərin əlavə məsafə qət etmək zərurətinin azalacağı, nəqliyyat axınının müxtəlif istiqamətlər üzrə daha səmərəli bölüşdürüləcəyi və şəhərdaxili küçələrdə sıxlığın azaldılması üçün şərait yaranacağı gözlənilir.
Layihələrin əsas məqsədi Xırdalan sakinlərinin gündəlik gediş-gəlişini asanlaşdırmaq, yollarda hərəkətin rahatlığını və təhlükəsizliyini artırmaq, eləcə də şəhərin nəqliyyat infrastrukturunu müasir tələblərə uyğun inkişaf etdirməkdir.

