Prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində 11 il əvvəl Şəmkirdə törədilmiş xüsusilə ağır cinayətin üstü açılıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.
Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 59 yaşlı Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.
Baş Prokurorluq və DİN-in aidiyyəti qurumları tərəfindən birgə və koordinasiyalı şəkildə aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanı yaşadığı mənzildə cib bıçağı ilə çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı X.Məmmədovun daha sonra mənzildən 100 manat pul və çoxsaylı qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşdığı müəyyənləşdirilib.
Xəyal Məmmədov şübhəli şəxs qismində verdiyi ifadəsində və ifadəsinin yerində yoxlanılması zamanı cinayəti törətdiyini etiraf edib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib.
Şəmkir Rayon Məhkəməsinin qərarı ilə X.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən illərdə bağlı qalmış cinayətlərin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması və açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqətində saxlanılır. Bu istiqamətdə aidiyyəti qurumların qarşılıqlı əməkdaşlığı çərçivəsində kompleks tədbirlər davam etdirilir.

