18 yaşlı DSX əsgəri hərbi xidmətdə həbs edildi – 6 il 6 ay cəza aldı
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri hərbi xidmətini başa vurmadan həbs edilib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, 18 yaşlı Ə.X. hərbi xidmətə yollanmazdan əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib.
Hadisə Azərbaycanın rayonlarından birində baş verib. Məlumata görə, Ə.X. ilə A.A. məktəbdə tanış olublar. Həmin vaxt oğlan 9-cu, qız isə 6-cı sinifdə təhsil alıb.
İstintaqla müəyyən edilib ki, Ə.X. qızın 14 yaşından 16 yaşına qədər onunla münasibətdə olub. Bu münasibət nəticəsində qız 14 yaşında hamilə qalıb. Lakin hadisənin üstü oğlan hərbi xidmətə yollandıqdan sonra açılıb. Buna görə də o, hərbi xidmətdə olarkən həbs edilib.
Məhkəmədə nə deyib?
Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf etsə də, qızın 14 yaşı tamam olana qədər onunla münasibətdə olmadığını bildirib. O, A.A. ilə sevgili olduqlarını və evlənmək istədiklərini deyib.
Qız da məhkəmədə oğlandan şikayətçi olmadığını bildirib. Yeniyetmə bu məsələ ilə bağlı atasının şikayətçi olduğunu, özünün isə Ə.X.-dən heç bir şikayət və tələbinin olmadığını qeyd edib. O, hazırda 32 həftəlik hamilə olduğunu da açıqlayıb.
Qızın qanuni nümayəndəsi olan anası da oğlanın həbs edilməsinin mənasız olduğunu bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən əsgər 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilinib. Ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

