Türkiyənin İstanbul şəhərinin Kiçikçəkməcə rayonunda 16 yaşlı iki qızın qaçmaq cəhdi ağır nəticələnib. Uşaq evindən qaçaraq evə gələn qızlar atanın onları otağa kilidləməsindən sonra pəncərədən çarşaf vasitəsilə enmək istəyiblər. Çarşafın qopması nəticəsində hər iki yeniyetmə 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
Xəbər Yerində Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Gültepe məhəlləsində, beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində səhər saatlarında baş verib.
Uşaq evindən qaçaraq evə gəliblər
Məlumata görə, həyat yoldaşını bir müddət əvvəl itirən Ö.U. adlı şəxs qızı H.U.-nu uşaq evinə yerləşdirib. İddiaya əsasən, 16 yaşlı H.U. rəfiqəsi A.R. ilə birlikdə müəssisədən qaçaraq atasının evinə gəlib.
Qızının evə gəldiyini görən ata hər iki yeniyetməni otağa kilidləyib, daha sonra isə uşaq evinin əməkdaşlarına məlumat verib.
Çarşaf qopdu, qızlar yerə çırpıldı
Otaqdan çıxmağa çalışan qızlar bir-birinə bağladıqları çarşafları pəncərədən aşağı sallayıblar. Onlar çarşafdan tutaraq aşağı enmək istəyərkən parça qopub.
Nəticədə yeniyetmələrdən biri sərt yerə, digəri isə kömürlük binasının damına düşüb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. İlk tibbi yardım hadisə yerində göstərildikdən sonra hər iki qız xəstəxanaya çatdırılıb.
Yeniyetmələrdən A.R.-nin vəziyyətinin ağır olduğu və həyatının təhlükə altında qaldığı bildirilib.
Ata saxlanılıb
Polis əməkdaşları hadisə yerində və mənzildə araşdırma aparıblar. Qızını və onun rəfiqəsini otağa kilidlədiyi bildirilən Ö.U. saxlanılaraq polis bölməsinə aparılıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.

