Bakının Xətai rayonunda yerləşən Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin müəllimi Aytəkin İmanova öz istəyi ilə işdən ayrılıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, 20 illik pedaqoji fəaliyyəti olan müəllim sosial şəbəkədə paylaşım edərək işdən ayrılmasının səbəblərini açıqlayıb.
Aytəkin İmanova sertifikasiya imtahanlarından və əməkhaqqının azlığından narazı olduğunu bildirib.

“Ömrümün 20 ilini məktəbdə müəllimliyə həsr etdim, təəssüf. İrəlidəki 20 ilimi xilas etmək ümidi ilə işdən ayrıldım. Dövlət təhsil müəssisəsində olan pedaqoji fəaliyyətim ərzində sərf etdiyim əmək, stress və qazandığım məvacib arasında tarazlığın pozulması mənim həyat enerjimi tükətdi. “Müəllimlik şərəfli peşədir” kimi mənəvi manipulyasiyanın təsiri altında ömrümün ən məhsuldar, enerjili illərini sərf etdim. İndi 20 illik köləlik zəncirimi qırmağa cəsarət edirəm”, – deyə müəllim qeyd edib.
Məktəbdən açıqlama
Məsələ ilə bağlı 64 nömrəli məktəbdən “Azərbaycan müəllimi”nə bildirilib ki, İmanova Aytəkin Murad qızı 25 oktyabr 2006-cı ildən 11 sentyabr 2026-cı ilədək 11 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi vəzifəsində çalışıb.
Məktəbdən bildirilib ki, Aytəkin İmanova işlədiyi müddətdə dəfələrlə ailə vəziyyətinə görə öz hesabına məzuniyyətə çıxıb və 6 saatdan artıq dərs tədris edib. Onun dərs yükünü az götürməsini isə öz maraq dairəsinə uyğun digər peşələrə, kurslara və təlimlərə getməsi ilə əlaqələndirdiyi qeyd olunub.
Məlumata görə, müəllim sentyabrın 10-da məktəbə gələrək öz xahişi ilə ərizə yazıb və sentyabrın 11-dən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilib.
Məktəbdən bildirilib ki, müəllimin əməkhaqqı tədris etdiyi dərs saatlarının miqdarından asılı olaraq dəyişir. Əgər müəllim az dərs saatı götürmək istəyibsə, alacağı əməkhaqqının da aşağı olacağı barədə məlumatlı olmalıdır.
Həmçinin qeyd edilib ki, müəllimlər məktəbdəki fəaliyyəti ilə yanaşı, digər təhsil fəaliyyəti ilə də məşğul olmaq hüququna malikdirlər və Əmək Qanunvericiliyinin tələbləri çərçivəsində Aytəkin İmanovanın da bu fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmayıb.

