ABŞ-də əfsanəvi reper Tupak Şakurun qətli ilə bağlı məhkəmə hökmü elan edilib. İş üzrə təqsirləndirilən Duyen “Keffi D” Devis şərti azadlığa çıxmaq hüququ ilə ömürlük həbs cəzasına məhkum olunub.
Xəbər Yerində Milli.Az-a istinadən xəbər verir ki, Nevada ştatında keçirilən məhkəmə prosesində hökmü hakim Karli Kirni elan edib.
Məhkəmənin qərarına əsasən, Devis 40 ildən ömürlük həbsədək cəza alıb. Onun indiyədək həbsdə keçirdiyi 731 gün də cəza müddətinə daxil ediləcək.
“South Side Compton Crips” dəstəsinin keçmiş lideri olan Devis Tupak Şakurun qətli ilə bağlı iş üzrə təqsirləndirilirdi.
Xatırladaq ki, Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda silahlı hücuma məruz qalıb. Həmin vaxt reper “Death Row Records” səsyazma şirkətinin təsisçisi Şaq Naytla birlikdə “BMW” markalı avtomobildə olub.
İşıqforda dayandıqları zaman yaxınlaşan ağ rəngli “Cadillac” markalı avtomobildən onlara atəş açılıb. Bir neçə güllə yarası alan 25 yaşlı reper bir neçə gün sonra xəstəxanada vəfat edib.
Tupak Şakurun qətli musiqi tarixinin ən çox müzakirə olunan cinayət hadisələrindən biri olaraq qalır.

