Azyaşlı uşaq bədbəxt hadisə nəticəsində əlinin bir hissəsini itirib. Həkimlər isə uzunmüddətli mikrocərrahi əməliyyatla onun əlini bərpa etməyə nail olublar.
“Xəbər Yerində” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 3 yaşlı uşaq ət maşınında ağır xəsarət alıb. Travma nəticəsində onun sol əl biləyi və əl daraqları, eləcə də baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.
Hadisədən təxminən 7 saat sonra uşaq Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına çatdırılıb.
Beş həkimin iştirak etdiyi mürəkkəb mikrocərrahi əməliyyat təxminən 8 saat davam edib. Mütəxəssislər amputasiya olunmuş nahiyələrin bərpası üçün cərrahi müdaxilə həyata keçiriblər.
Əməliyyatdan sonra uşaq 24 saat ərzində reanimasiya şöbəsində intensiv nəzarətdə saxlanılıb. İki gün sonra isə vəziyyəti stabilləşdiyi üçün palataya köçürülüb.
Hazırda azyaşlının ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir.




