30 ildən artıq münasibətlər: Bakı ilə Pnompen əməkdaşlığı genişləndirir

30 ildən artıq münasibətlər: Bakı ilə Pnompen əməkdaşlığı genişləndirir

Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Kamboca Krallığının Baş naziri Hun Manet arasında geniş tərkibdə görüş keçirilib.

Xəbər Yerində xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi münasibətlərin möhkəmləndirilməsi, ticarət, investisiyalar, birgə istehsal və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

İlham Əliyev Azərbaycanın Kamboca ilə tərəfdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Prezident Hun Manetin Azərbaycana rəsmi səfərinin ikitərəfli əlaqələrin yeni istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı, həmçinin Kambocanın Baş nazirinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək dəvətini qəbul etdiyinə görə təşəkkür edib. O qeyd edib ki, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi sammitin regionda və daha geniş Avrasiya məkanında təhlükəsizliyə töhfə verəcəyinə ümid edir.

Hun Manet isə Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Baş nazir iki ölkə arasında 30 ildən artıq müddətdə formalaşan münasibətlərin və əməkdaşlığın daha da genişləndirilməsi üçün çoxsaylı imkanların olduğunu vurğulayıb.

O, Kamboca Kralı Norodom Sihamoninin və sabiq Baş nazir Hun Senin salamlarını İlham Əliyevə çatdırıb. Azərbaycan Prezidenti də öz növbəsində salamlarının Kamboca Kralına və sabiq Baş nazirə çatdırılmasını xahiş edib.

Görüşdə tərəflər mövcud əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın konkret istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir