Bu il ali məktəblərə qəbulun nəticələrinə əsasən, Azərbaycanda ən gənc tələbənin 16, ən yaşlı tələbənin isə 58 yaşı var.
“Xəbər Yerində” xəbər verir ki, 16 yaşlı Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.
Gülşən uşaqlıqdan həkim olmaq arzusunda olduğunu, əvvəlcə pediatr olmaq istəsə də, sonradan stomatologiyanı seçdiyini bildirib. O, gələcəkdə təhsilini xaricdə davam etdirmək və daha sonra Azərbaycana qayıtmaq niyyətindədir.
Builki qəbulun ən yaşlı tələbəsi isə 58 yaşlı Hüseynov Elbrus İsmayıl oğludur. O, subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına dövlət sifarişi ilə qəbul olub.
Elbrus Hüseynov universitetə qəbul olmağın uşaqlıq arzusunu reallaşdırdığını deyib. O, qrupdakı digər tələbələrdən yaşca böyük olmasını problem hesab etmir və təhsilini başa vurduqdan sonra magistraturada oxumağı da planlaşdırır.
Beləliklə, builki qəbul nəticələri göstərir ki, tələbə olmaq üçün yaş məhdudiyyət deyil – biri 16 yaşında universitetə qədəm qoyur, digəri isə 58 yaşında uşaqlıq arzusunu gerçəkləşdirir.
Mənbə: Lent.az

