Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinə rəhbərlik etmiş polkovnik Fərhad Babayev pensiya ödənişinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.
Məlumata görə, Bakı İnzibati Məhkəməsində araşdırılan iş üzrə Fərhad Babayevin tələbi təmin olunub.
Pensiyası niyə dayandırılıb?
Fərhad Babayev 2022-ci ildə İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən azad edildikdən sonra vergi və gömrük orqanlarında çalışdığı müddət nəzərə alınaraq ona hərbi qulluqçu, yəni xüsusi rütbəli şəxs statusu ilə güzəştli pensiya təyin olunub.
Onun aylıq pensiyası 5 840 manat təşkil edib.
Lakin pensiyanın təyin edilməsindən təxminən bir il sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş dayandırılıb.
Fondun apardığı əlavə araşdırma zamanı polkovnikin xidmət müddətinin yalnız 6 il 6 ay 2 gününün hərbi qulluqçu statusuna uyğun olduğu müəyyənləşdirilib. Qalan xidmət dövrünün isə adi dövlət qulluğu stajı olduğu bildirilib.
98 min manatın geri qaytarılması tələb edildi
Aparılan araşdırmanın nəticələrinə əsasən, həmin xidmət müddətinin güzəştli pensiya almaq üçün yetərli olmadığı qənaətinə gəlinib.
Bunun ardınca Fərhad Babayevə əvvəllər təyin edilmiş pensiya ləğv olunub. Eyni zamanda ona artıq ödənildiyi bildirilən 98 min manat vəsaitin geri qaytarılması tələb edilib.
Polkovnik bu qərarla razılaşmayaraq məhkəməyə müraciət edib. O, pensiyanın əvvəlki qaydada hesablanmasının yenidən bərpa olunmasını və ödənilməyən məbləğin ona qaytarılmasını istəyib.
Məhkəmədən polkovnikin xeyrinə qərar
Bakı İnzibati Məhkəməsi iş üzrə tərəflərin təqdim etdiyi sənədləri və digər sübutları araşdırdıqdan sonra Fərhad Babayevin pensiyasının dayandırılmasını qanunsuz hesab edib.
Qərara əsasən, polkovnikin pensiyasının əvvəlki hesablama qaydasına qaytarılması və ödənilməmiş vəsaitin ona ödənilməsi müəyyənləşdirilib.

Səfər Mehdiyevlə yaxınlığı ilə tanınır
Qeyd edək ki, Fərhad Babayev Dövlət Gömrük Komitəsinin keçmiş sədri, general-polkovnik Səfər Mehdiyevlə yaxın münasibətləri ilə tanınır.
Fərhad Babayev Səfər Mehdiyevin tələbə yoldaşı olub. Səfər Mehdiyev isə 2022-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

