Bakıda yaşayan 90 yaşlı Saniyə Kərimovanın xəstəxanaya yerləşdirilməsində problem yarandığı bildirilir. Dörd dəfə insult keçirən, şəkərli diabet, ürək xəstəliyi və limfödemdən əziyyət çəkən qadının yaxınları onun ağır vəziyyətdə olmasına baxmayaraq, tibb müəssisəsində stasionar müalicəyə qəbul edilmədiyini iddia edirlər.
Xəbər Yerində xəbər verir ki, qadının yaxınının sözlərinə görə, həkimlər vaxtında müdaxilə olunmadığı təqdirdə xəstənin ayaqlarında qanqrena yarana biləcəyi və hətta hər iki ayağının amputasiya edilməsinin mümkün olduğu barədə xəbərdarlıq ediblər.
Yaxınının bildirdiyinə görə, Yasamal rayonu 16 nömrəli poliklinika xəstənin yeni klinikada stasionar müalicə alması üçün iki dəfə göndəriş verib. Lakin ailə klinikaya müraciət etdikdə xəstənin qəbul edilmədiyini deyir.
Onun iddiasına əsasən, klinikada yaşlı qadının 90 yaşında olduğu əsas gətirilərək qəbuluna etiraz edilib. Qadının yaxını ona “Ananı qoca evinə ver, bizdə yer yoxdur” deyildiyini iddia edir.
Şikayətçi daha sonra TƏBİB-ə də müraciət etdiyini, bununla bağlı ərizə yazdığını, lakin bir aydır müraciətinə cavab verilmədiyini bildirib.
O, yaşlı qadının vəziyyətinin getdikcə ağırlaşdığını, ayaqlarından davamlı maye axdığını və şiddətli ağrılar səbəbindən gecə-gündüz qışqırdığını deyib.
TƏBİB-dən açıqlama
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 1936-cı il təvəllüdlü qadın Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 16 nömrəli şəhər poliklinikasında şəkərli diabet diaqnozu ilə dispanser qeydiyyatındadır.
Qeyd olunub ki, vətəndaş sentyabrın 19-u, 21-i və 28-də, eləcə də 2026-cı il oktyabrın 3-də evdə müayinə edilib. Müayinələr zamanı hər iki aşağı ətrafında kəskin ağrılar, limfödem və limforiya müşahidə olunub. Hazırda xəstənin cərrah və sahə həkiminin nəzarətində olduğu bildirilib.
Qurumun açıqlamasına görə, oktyabrın 28-də pasiyentə yeni klinikada stasionar müalicə almaq üçün tibb müəssisəsinə müraciət etməsi təklif olunub. Lakin oktyabrın 30-dək onun müraciəti qeydə alınmayıb.
Bununla belə, şikayətçilər klinikanın xəstəni hələ də qəbul etmədiyini bildirirlər.
Hüquqi məsuliyyət məsələsi
Məsələ ilə bağlı hüquqi şərhdə vurğulanıb ki, hər bir vətəndaşın tibbi yardım almaq hüququ var. Poliklinika tərəfindən stasionar müalicə üçün göndəriş verildiyi halda, xəstənin yalnız yaşına görə qəbul edilməməsi ciddi hüquq pozuntusu hesab oluna bilər.
Bundan əlavə, tibb işçisinin üzrlü səbəb olmadan tibbi yardım göstərməməsi və ya peşə vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində xəstənin sağlamlığına zərər dəydiyi müəyyən olunarsa, konkret hallardan asılı olaraq cinayət məsuliyyəti də yarana bilər.
Vətəndaş belə hallarda hüquqlarının bərpası üçün aidiyyəti dövlət qurumlarına və məhkəməyə müraciət edə bilər.

