Xəbər Yerində AZXEBER.COM-a istinadən xəbər verir ki, 2027-ci ildən etibarən arterial hipertenziyanın (yüksək qan təzyiqi) müalicəsində istifadə olunan dərman vasitələrinin resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır.
Bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov məlumat verib.
O bildirib ki, hazırda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə 3318 tibbi xidmət daxildir.
Agentlik tərəfindən Xidmətlər Zərfinin əhatə etdiyi tibbi xidmətlərin çeşidinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə arterial hipertenziyanın müalicəsində istifadə olunan dərmanların 2027-ci ildə resept əsasında sığorta təminatına alınması nəzərdə tutulur.
Tural Qurbanovun sözlərinə görə, qarşıdakı dövrdə həzm və tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin də icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır.
2026-cı ildə ən çox hansı tibbi xidmətlərdən istifadə olunub?
Agentliyin rəsmisi cari ildə icbari tibbi sığorta çərçivəsində əhali arasında ən çox müraciət edilən tibbi xidmətləri də açıqlayıb.
Onun sözlərinə görə, 2026-cı ildə ümumi tibbi müayinələr, endokrin, qan dövranı və sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı tibbi xidmətlərə daha çox müraciət edilib.

