“15 qəpiyə verməyəcəyəm deyəndə deyirlər ki, neynəyəcəksən, itə tökəcəksən də” – fermerin etirazı

“15 qəpiyə verməyəcəyəm deyəndə deyirlər ki, neynəyəcəksən, itə tökəcəksən də” – fermerin etirazı

Fermerlər istehsal etdikləri südün aşağı qiymətə alınmasından narazılıq edirlər. Onlar mövcud qiymətlərin təsərrüfat xərclərini qarşılamağa imkan vermədiyini bildirirlər.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Füzuli rayonundan olan fermer Emin Həsənli də bu problemlə üzləşən təsərrüfat sahiblərindəndir.

Fermerin sözlərinə görə, 3 litr süd üçün cəmi 45 qəpik ödənilir. Bu isə bir litr südün 15 qəpiyə başa gəlməsi deməkdir. Onun sözlərinə görə, heyvanların yemlənməsi, saxlanılması, baytarlıq xidmətləri və digər xərclərin artdığı bir vaxtda südün bu qiymətə satılması fermerlər üçün sərfəli deyil.

Emin Həsənli bildirib ki, vəziyyət bəzi təsərrüfat sahiblərini məhsulu satmaq əvəzinə sağdıqları südü yerə tökməyə məcbur edir.

Fermerlər südün alış qiymətinin istehsal xərclərinə uyğunlaşdırılmasını və problemin həlli üçün aidiyyəti qurumların addım atmasını istəyirlər. Onların sözlərinə görə, mövcud vəziyyət davam edərsə, süd istehsalı ilə məşğul olan təsərrüfatların sayında azalma baş verə bilər.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli də mövqeyini açıqlayıb. Ekspert bildirib ki, süd bazarında mövcud vəziyyət bazar mexanizmlərinin effektiv işləmədiyini göstərir.

Onun sözlərinə görə, bir sıra ölkələrdə fermerlərin gəlirlərini qorumaq üçün dövlət süd alışı həyata keçirir. Natiq Cəfərli Türkiyədə məktəblər və ordu üçün fermerlərlə müqavilə əsasında süd alınmasını nümunə göstərib.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, qurum südün alış qiymətinə müdaxilə etmir. Bununla yanaşı, nazirlikdən yaxın zamanda ətlik, damazlıq və süd istiqamətləri üzrə subsidiyaların verilməsinin planlaşdırıldığı qeyd olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir