Azərbaycanda nağdsız ödənişlər sahəsində yeni texnologiya istifadəyə verilib. “MPAY” (eManat) şirkəti ölkədə ilk dəfə ovuc içi ilə ödəniş imkanı yaradan “PalmPay” sistemini təqdim edib.
Yeni texnologiya ilkin mərhələdə “Grandmart” MMC-nin “Bolmart” mağazalarından birində pilot rejimdə tətbiq olunur. Səməd Vurğun küçəsində yerləşən mağazada müştərilər alış-veriş zamanı kart, telefon və ya nağd puldan istifadə etmədən yalnız ovucları vasitəsilə ödəniş edə biləcəklər.
Sistem necə işləyir?
“PalmPay” istifadəçinin ovuc içində yerləşən unikal damar quruluşunu tanıyaraq onun şəxsiyyətini müəyyənləşdirir. Daha sonra ödəniş əməliyyatı “MPAY” elektron cüzdanı vasitəsilə həyata keçirilir.
Beləliklə, yeni sistem istifadəçilərə fiziki kart və ya mobil telefon daşımadan ödəniş etmək imkanı verir. Şirkət texnologiyanın həm rahatlıq, həm də təhlükəsizlik baxımından üstünlüklər təqdim etdiyini bildirir.
“PalmPay” xidmətinin gələcəkdə digər ticarət və xidmət obyektlərində də istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, “MPAY” MMC Azərbaycan Mərkəzi Bankının 11 iyul 2024-cü il tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Mənbə: Qafqazinfo

