Bakıda sakin aptekdən aldığı siropun içərisində milçək aşkar etdiyini iddia edib.
“Xəbər Yerində” xəbər verir ki, bu barədə paytaxt sakini Elbaris Həsənov məlumat verib.
Dərmanı uşağı üçün alıb
E.Həsənov bildirib ki, 5 yaşlı oğlunun nevroloji-psixoloji problemi olduğundan həkim tövsiyəsi ilə təxminən 6 aydır həftədə bir dəfə “Qavmiqam” siropu alır.
Onun sözlərinə görə, hadisə ötən gün axşam saatlarında baş verib. Qara Qarayev metrostansiyasının çıxışında yerləşən “Elit” aptekdən siropdan iki ədəd alan sakin evə qayıtdıqdan sonra qablaşdırmalardan birini açıb.
İddiasına görə, qapağı açarkən şüşənin içərisində yad cisim görüb və bunun milçək olduğunu müəyyənləşdirib.
Aptekə geri qaytarıb
Sakin bildirib ki, dərmanı götürərək yenidən aptekə qayıdıb və məsələ ilə bağlı etirazını bildirib.
Onun sözlərinə görə, aptek əməkdaşları məhsulun qapalı qablaşdırmada onlara təqdim edildiyini və buna görə də içərisindəki vəziyyətdən xəbərsiz olduqlarını deyiblər. E.Həsənovun iddiasına əsasən, aptek məsuliyyətin istehsalçı şirkətə aid olduğunu bildirib.
“Artıq bu dərmana güvənmirik”
E.Həsənov məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını istəyib. O, dərmanın yerli şirkət tərəfindən istehsal edildiyini bildirərək istehsal prosesinin yoxlanılmasını xahiş edib.
Sakin hadisədən sonra övladının həkiminə məlumat verdiyini və həkimin başqa preparat təyin etdiyini söyləyib.
“6 aydır bu dərmanı alıram, ilk dəfə belə halla rastlaşıram. Artıq bu dərmana güvənimiz yoxdur”, – deyə E.Həsənov bildirib.
Rəsmi mövqe gözlənilir
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının və “Qavmiqam” siropunun istehsalçısının mövqeyini öyrənmək üçün sorğu göndəriləcək.
Qeyd edək ki, hazırda dərmanın içərisində həqiqətən yad cismin olub-olmadığı və bunun hansı mərhələdə baş verdiyi barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Mənbə: Musavat.com


