“Xəbər Yerində” xəbər verir ki, Misirin Cənubi Sinay bölgəsində ağır yol qəzası baş verib.
Dahab və Nuveyba şəhərlərini birləşdirən yolda sərnişin avtobusunun aşması nəticəsində azı 21 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.
Qəza turistlərin sıx üz tutduğu Qırmızı dəniz sahilində baş verib. Hadisə yerinə 20 təcili yardım avtomobili göndərilib, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Məlumata görə, avtobusda İordaniya vətəndaşları da olub. İordaniya tərəfi vətəndaşları arasında ölən və yaralananların olduğunu təsdiqləyib. Bəzi mənbələr ölənlər arasında 10 iordaniyalının olduğunu bildirir.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Misirin baş naziri hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün texniki komitənin yaradılmasına göstəriş verib.

