Hakimə qarşı “səlahiyyətlərindən sui-istifadə” ittihamı – ailə evindən çıxarılır?

Hakimə qarşı “səlahiyyətlərindən sui-istifadə” ittihamı – ailə evindən çıxarılır?

Bakının Yasamal rayonunda yerləşən evlə bağlı uzun müddətdir davam edən mübahisə ailənin narazılığına səbəb olub.

Xəbər Yerində Baku Tv-ə istinadən xəbər verir ki, söhbət İsmayıl bəy Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən mənzildən gedir. Kərimovlar ailəsinin sözlərinə görə, onlar bu evdə təxminən 70 ildir yaşayırlar.

Ailə bildirir ki, 2011-ci ildə məhkəməyə müraciət edərək əmlaka dair dövlət reyestrindən çıxarış əldə edib və mülkiyyət hüququnu rəsmiləşdirib. Onların sözlərinə görə, həmin vaxtdan etibarən evdə qeydiyyatda olublar, kommunal ödənişləri həyata keçirib və yaşayış sahəsində müxtəlif tikinti-bərpa işləri aparıblar.

Lakin ailənin iddiasına görə, sonradan Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova həmin evlə bağlı məhkəməyə müraciət edib. Şikayətçilər məhkəmə proseslərinin nəticəsində hakim tərəfindən irəli sürülən tələblərin təmin edildiyini bildirirlər.

Ailə üzvləri hakimin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini iddia edirlər.

Şikayətçi Nüşabə Hüseynova bildirib ki, hazırda 9 nəfər ailə üzvünün evdən çıxarılması tələbi ilə üzləşiblər:

“İndi o hakimdir, əli hər yerə çatır deyə, bu qədər adamı bayıra atmalıdır?! 9 nəfər harada yaşamalıdır?! İllərdir harada idi? Eşitdi ki, buralar sökülür, indi gəlib ev istəyir”.

Digər şikayətçi Riyad Kərimov isə bildirib ki, evin boşaldılması ilə bağlı icra əməkdaşları tərəfindən ailəyə xəbərdarlıq edilir.

“İcra hər gün gəlir ki, evi boşaltmalısınız. Əks halda polisə, Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəklərini və bizi güc tətbiq etməklə evdən çıxaracaqlarını deyirlər”.

Ailə məsələ ilə bağlı hüquqlarının pozulduğunu hesab edir və evdən çıxarılmaları halında 9 nəfərin yaşayış məsələsinin necə həll olunacağını sual edir.

Mübahisənin hüquqi tərəfləri ilə bağlı qarşı tərəfin və aidiyyəti qurumların mövqeyi dəqiqləşdirildikdən sonra təqdim oluna bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir