Misirdə televiziya aparıcısı Sara Xalifa və daha 11 nəfər sintetik narkotiklərin istehsalı və qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi üzrə ölüm cəzasına məhkum edilib.
Yeni Qahirə Cinayət Məhkəməsinin qərarına əsasən, iş üzrə daha 9 nəfər ömürlük həbs cəzası alıb. Onların hər biri 100 min Misir funtu məbləğində cərimələnib. Daha 6 təqsirləndirilən şəxsə isə bəraət verilib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər narkotik maddələrin hazırlanması üçün xammalın əldə edilməsi, istehsalı, saxlanması, daşınması və satışını həyata keçirən mütəşəkkil qrupun tərkibində fəaliyyət göstəriblər.
Əməliyyat zamanı hüquq-mühafizə orqanları 750 kiloqramdan çox narkotik vasitə və onların hazırlanmasında istifadə olunan xammal aşkarlayaraq müsadirə edib. Bundan başqa, narkotiklərin istehsalında istifadə edildiyi ehtimal olunan avadanlıqlar, avtomobillər, mobil telefonlar və pul vəsaitləri də götürülüb.
Cinayət işi Sara Xalifanın 2025-ci ilin aprelində saxlanılmasından sonra başlayıb. Prokurorluq onun qrup daxilində rəhbər mövqedə olduğunu bildirib.
Qeyd edək ki, Misirdə ağır cinayətlərin bir qismi üzrə ölüm hökmü tətbiq edilir. Bu cür işlərdə dini-hüquqi rəyin alınması prosedurun bir hissəsi olsa da, yekun qərarı məhkəmə verir.
Mənbə: Oxu.az

