ABŞ-da vulkan təhlükəsi: 90 mindən çox insan risk altındadır

ABŞ-da vulkan təhlükəsi: 90 mindən çox insan risk altındadır

Xəbər Yerində xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatında yerləşən Reynir vulkanı ilə bağlı təhlükə barədə xəbərdarlıq edilib.

ABŞ Geoloji Xidmətinin vulkan rəsədxanasının nümayəndəsi Holli Vays-Rasinin sözlərinə görə, vulkanın yamaclarında böyük dağıntılara səbəb ola biləcək laxarların yaranması ehtimalı var.

Laxar vulkanik kül, süxur parçaları və digər materialların su ilə qarışaraq sürətlə yamacdan aşağı hərəkət etməsi nəticəsində yaranan palçıq və daş axınıdır. Mütəxəssis bu hadisələri Kaskad dağlarında ən təhlükəli vulkanik təhdidlərdən biri kimi qiymətləndirib.

Bildirilir ki, Reynir vulkanının mümkün laxar axınlarının çata biləcəyi ərazilərdə 90 mindən çox insan yaşayır. Belə bir fəlakətin nəticələrinin isə daha geniş ərazidə milyonlarla insana təsir göstərə biləcəyi vurğulanıb.

USGS-in məlumatına əsasən, son 6 min il ərzində Reynir vulkanında ən azı 11 böyük laxar hadisəsi qeydə alınıb. Bu axınların hamısının Pyudcet-Saund ovalığına qədər çatdığı bildirilir.

Mütəxəssislər təhlükəni bu yaxınlarda Nepalda baş vermiş dağıdıcı təbii fəlakətlərlə müqayisə edirlər. Avqustun 26-da Nepalda zəlzələ və torpaq sürüşməsi nəticəsində çayın qarşısının kəsilməsi, daha sonra isə yaranmış təbii bəndin dağılması güclü daşqına səbəb olmuşdu.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir