Xəbər Yerində xəbər verir ki, Kuba və Haiti yaxınlığında yerləşən Bermud üçbucağı ərazisində dəniz dibinin xəritələnməsi zamanı diqqətçəkən görüntülər ortaya çıxıb.
Britaniyalı ufoloq Skott Uorinq “Daily Mail”ə açıqlamasında dəniz dibində aşkarlandığı iddia edilən qəribə həndəsi formaların qədim yaşayış məntəqəsinin və ya tikililərin qalıqları ola biləcəyini bildirib.
Onun sözlərinə görə, görüntülər dünya okeanının dibinin xəritələndirilməsini nəzərdə tutan “Seabed-2030” layihəsi çərçivəsində əldə edilən məlumatlarda üzə çıxıb. Xəritənin bir hissəsində Atlantik okeanının dibində bir-birini kəsən düz xətlər və həndəsi formalar müşahidə olunur.
İddia edilən ərazi təxminən 11 kilometr uzunluğunda və 5 kilometr enindədir. Uorinq bu formaların təbii proseslər nəticəsində yaranmasının çətin olduğunu düşünür.
Lakin görüntülərin batmış şəhərə və ya qədim sivilizasiyaya aid olduğuna dair heç bir elmi təsdiq yoxdur. Mütəxəssislər belə həndəsi formaların dəniz dibinin xəritələndirilməsi zamanı istifadə olunan texnologiyanın yaratdığı artefaktlarla əlaqəli ola biləcəyini bildirirlər.
Hazırda ərazidə süni tikililərin mövcudluğu barədə rəsmi elmi nəticə yoxdur.
Mənbə: Oxu.az










