Xəbər Yerində xəbər verir ki, Gədəbəydə qadından işə düzəltmək adı ilə 3 min manat alan vəzifəli şəxslə bağlı cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Gədəbəy rayonu üzrə əməkdaşı Məmməd Məlikov uzaq qohumu Narıngülə çalışdığı qurumda xadimə kimi işə düzəlməsinə kömək edəcəyini vəd edib.
O, bu məqsədlə qadından 3 min manat alıb. Lakin vədinə əməl etməyərək pulu şəxsi ehtiyaclarına xərcləyib.
Bundan sonra Narıngül polisə müraciət edib və Məmməd Məlikov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Gədəbəy Rayon Məhkəməsində keçirilən iclasda tərəflərin barışdığı məlum olub. Şikayətçi qadın pulunun ona qaytarıldığını bildirib. Məmməd Məlikov isə əlavə olaraq 750 manat, yəni dəymiş ziyanın 25 faizi həcmində vəsaiti dövlət büdcəsinə ödəyib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Məmməd Məlikov cinayət məsuliyyətindən azad olunub. Onun barəsində tətbiq edilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv edilib.
Mənbə: Qafqazinfo

