Həbsdə ölən Nizaməddin Quliyevin 600 minlik əmlakları hərraca çıxarılır

Həbsdə ölən Nizaməddin Quliyevin 600 minlik əmlakları hərraca çıxarılır

Xəbər Yerində xəbər verir ki, həbsdə vəfat edən Goranboyun sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlaklarının taleyinə Ali Məhkəmədə nöqtə qoyulub.

Məlumata görə, bu gün Ali Məhkəmə sabiq icra başçısının əmlaklarının müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətini rədd edib.

N.Quliyevin hüquqi varisi kimi tanınan qardaşı ümumi dəyəri 600 min manat olan əmlakların müsadirədən çıxarılmasını istəyib. Lakin məhkəmə bu tələbi əsaslı hesab etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Bununla da dövlət nəfinə müsadirə olunan əmlakların hərrac yolu ilə satılması mümkün olub. Satışı icra məmuru hərrac təşkilatı vasitəsilə həyata keçirəcək.

Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə müavini Ramiz Tatarovla birlikdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, mənimsəmə və rüşvət alma da daxil olmaqla bir sıra cinayətlərdə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hökmü ilə üzərinə həbs qoyulan əmlakların müsadirə edilməsinə qərar verilib. N.Quliyev 2021-ci ildə həbsdə koronavirus infeksiyasından vəfat edib.

Onun ölümündən sonra Gəncə Apellyasiya Məhkəməsi əmlakların müsadirədən azad edilməsinə qərar versə də, prokurorun protesti əsasında bu qərarın həmin hissəsi Ali Məhkəmə tərəfindən ləğv edilib. İşə yenidən baxan Gəncə Apellyasiya Məhkəməsi əmlakların təkrarən müsadirə olunmasına qərar verib.

Ali Məhkəmənin son qərarı ilə isə proses yekunlaşıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir