Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Abşeron rayonunun Fatmayı kəndində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Zamiq İsgəndərovun (şərti ad) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1988-ci il təvəllüdlü Zamiq İsgəndərov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib.
Hadisə necə baş verib?
İş materiallarına əsasən, hadisə Zamiq İsgəndərovun “Tos Oil” yanacaqdoldurma məntəqəsində gecə növbəsində çalışmasından sonra evə qayıtması zamanı baş verib.
Səhər saatlarında evə gələn kişi həyat yoldaşının yataq otağında olduğunu və səhər yeməyi üçün süfrə hazırlamadığını görüb. Bunun səbəbini soruşduqda qadın ona yeməyi özünün hazırlamasını deyib.
Bundan sonra ər-arvad arasında mübahisə yaranıb. Zamiq həyat yoldaşından Gədəbəyə, atasının evinə getməsini istəyib və bu barədə qadının atasına da telefonla məlumat verib. Ata qızını aparmağa razı olsa da, qadın övladının Fatmayı kəndində məktəbə getdiyini əsas gətirərək Gədəbəyə getməkdən imtina edib.
Daha sonra Zamiq mətbəxdə yemək yeməyə başlayıb. Qadın isə uşaqlarına atasına əsəbi olduğu üçün onunla eyni süfrədə oturmamalarını deyib. Bu sözlərdən sonra Zamiq yenidən əsəbiləşib.
“Getsən səni vuracam” – mübahisə bıçaqlanma ilə nəticələndi
Məhkəmədə verilən ifadəyə görə, Zamiq həyat yoldaşının Mehdiabada paltar almağa getməsinə də etiraz edib və onun evdən çıxmasına icazə verməyib.
Qadın isə buna baxmayaraq gedəcəyini bildirib. Bundan sonra Zamiq ona “getmə, getsən səni vuracam” deyə xəbərdarlıq edib.
Qadın isə məhkəmədə bildirdiyinə görə, ərinə “Qeyrətin çatırsa, vur, mən heç kimdən zərrə qədər də qorxmuram” cavabını verib.
Bundan sonra Zamiq uşaqlarını həyətə göndərib. Ardınca mətbəxdəki bıçağı götürərək həyat yoldaşının qarın nahiyəsinə bir neçə zərbə endirib.
Xəsarət alan qadın yerə yıxılıb. Zamiq isə uşaqların evə qayıtdığı zaman bıçağı görməməsi üçün onu gizlədib.
Yaralı qadını xəstəxanaya necə aparıblar?
Hadisədən sonra Zamiq avtomobil tapmaq məqsədilə küçəyə çıxıb. Ağır xəsarət almasına baxmayaraq, qadının huşu özündə olub və o, yavaş-yavaş evin dəhlizinə çıxıb.
Təxminən 2-3 dəqiqə sonra Zamiq evə qayıdaraq yaralı həyat yoldaşını qucağına alıb və onu avtomobilə yerləşdirib. Hadisəni görən uşaqlar da maşına minib.
Ailə tanımadıqları taksi sürücüsünün avtomobili ilə xəstəxanaya doğru hərəkət edib. Yolda Mehdiabad ərazisində polislə qarşılaşıblar. Polis əməkdaşının köməyi ilə onlar tıxacda qalmadan qısa müddətdə Sabunçu xəstəxanasına çatdırılıblar.
Hadisədən sonra Zamiq İsgəndərov saxlanılaraq həbs edilib.
Zərərçəkmiş qadın ərinin cəzalandırılmasını istəməyib
Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs həyat yoldaşını əsəbiləşdirdiyini bildirib və onun cəzalandırılmamasını xahiş edib.
Qadın qeyd edib ki, Zamiqlə 2014-cü ildə ailə qurub və onların iki övladı var. Onun sözlərinə görə, ailə iki il əvvəl Fatmayı kəndində ev alaraq orada yaşamağa başlayıb.
Hadisə günü özünü yaxşı hiss etmədiyini deyən qadın yataq otağında dincəldiyini bildirib. O, Zamiqin gecə növbəsindən çıxaraq səhər saat 09:30 radələrində evə gəldiyini, həmin vaxt uşaqların həyətdə oynadığını söyləyib.
Qadının ifadəsinə əsasən, səhər yeməyinin hazırlanmadığını görən Zamiq bunun səbəbini soruşub. O isə özünü yaxşı hiss etmədiyini deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Qadın bildirib ki, Zamiq ondan atasının yaşadığı Gədəbəyə getməsini istəyib. Daha sonra həyat yoldaşı onun atasına zəng edərək qızını aparmasını xahiş edib. Ata da bu təkliflə razılaşıb. Lakin qadın övladının Fatmayı kəndində məktəbə getdiyini əsas gətirərək Gədəbəyə getməyəcəyini bildirib.
Məhkəmədə qadın əvvəllər də həyat yoldaşı ilə aralarında bu cür mübahisələrin baş verdiyini deyib.
Məhkəmənin qərarı
İşə baxan məhkəmə tərəflərin barışmasını, onların iki övladının olmasını və digər halları nəzərə alıb.
Zamiq İsgəndərova şərti cəza təyin edilib. Bir neçə ay həbsdə saxlanılan şəxs məhkəmə zalından azadlığa buraxılıb.

