Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur rusiyalı reper Ciqan (Denis Ustimenko-Vaynşteyn) Moskva vilayətindəki evində insident törədib.
Məlumata görə, hadisə bu ilin iyul ayında baş verib. Reperin həmin vaxt sərxoş olduğu iddia edilir.
Reper işçilərinə atəş açıb
İddialara əsasən, əlində pnevmatik silah olan Ciqan evində çalışan şəxsləri qonaq otağına toplayıb. O, ətrafındakı insanları özünə düşmən kimi qəbul etdiyini bildirərək onların hamısının ölümünü istədiyini deyib.
Reper işçilərindən müxtəlif cinayətlər törətdiklərini etiraf etmələrini tələb edib. O, mühafizəçilərdən birini pedofiliyada ittiham edərək ondan bunu boynuna almasını istəyib.
Daha sonra pnevmatik silahdan atəş açan Ciqanın həmin şəxsi əlindən və ayağından yaraladığı bildirilir.



İşçilər 10 saat evdə qalıb
Məlumata görə, reper işçilərini təxminən 10 saat müddətində evdən buraxmayıb. Hadisə zamanı onun uşaqları gizlənərək baş verənlər barədə anaları – bloqer Oksana Samoylovaya məlumat veriblər.
Həmin vaxt İtaliyada olan Samoylova xəbəri aldıqdan sonra təcili şəkildə hadisə yerinə yollanıb. Kottec qəsəbəsinin mühafizəçiləri və reperin dostları da evə gəliblər.
Bundan sonra Ciqanın saxlanıldığı və müalicə üçün İsrailə göndərildiyi bildirilir.
Zərərçəkənlər polisə müraciət etməyib
Hadisə zamanı xəsarət alan şəxslərin polisə şikayət etmədiyi qeyd olunur.
Hazırda Ciqan İsraildə müalicə alır. Onun müalicəsinə təxminən 2 milyon rubl, yəni 40 min manata yaxın vəsait xərcləndiyi bildirilir. Mütəxəssislər daha ciddi problemlər aşkarlayarsa, reabilitasiya müddətinin uzadıla biləcəyi qeyd edilir.

Ciqan ailəsini bərpa etməyə çalışır?
Reperin yaxın çevrəsinin iddiasına görə, onun hazırda müalicə alması və İudaizmə maraq göstərməsi Oksana Samoylova ilə münasibətləri bərpa etmək cəhdi ilə bağlı ola bilər.
Qeyd edək ki, Ciqan və Oksana Samoylova 2012-ci ilin dekabrında ailə qurublar. Cütlük bu ilin aprelində boşanıb.
Onların Ariela, Leya və Maya adlı üç qızı, həmçinin David adlı bir oğlu var.

