XİN-dən Anım Günü ilə bağlı bəyanat

XİN-dən Anım Günü ilə bağlı bəyanat

Azərbaycan Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərin xatirəsinin dərin ehtiram və minnətdarlıqla yad edildiyi bildirilib.

Vətən müharibəsi tarixi dönüş nöqtəsi kimi qeyd olunub

Bəyanatda qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olub və ölkənin ərazi bütövlüyü ilə suverenliyinin bərpası ilə nəticələnib.

Bu nəticənin əldə olunmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi, xalqın həmrəyliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və yüksək peşəkarlığının mühüm rol oynadığı vurğulanıb.

XİN bildirib ki, sentyabrın 27-nin Anım Günü kimi təsis olunması şəhidlərin xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən ehtiramın ifadəsidir. Bu gün Vətən uğrunda həyatını qurban vermiş şəhidlərin fədakarlığı, həmçinin müharibə iştirakçıları və qazilərin göstərdiyi şücaət ehtiramla yad olunur.

İşğaldan azad edilmiş ərazilərdə görülən işlər

Bəyanatda Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyi qeyd olunub.

Bununla yanaşı, münaqişənin humanitar nəticələrinin, o cümlədən mina təhlükəsinin aradan qaldırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi, eləcə də münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində işlərin aparıldığı bildirilib.

“Şəhidlərimizin xatirəsi daim yaşayacaq”

XİN bəyan edib ki, Vətən müharibəsində həyatını fəda etmiş şəhidlərin xatirəsinə ən böyük ehtiram onların uğrunda mübarizə apardıqları müstəqillik, ərazi bütövlüyü, suverenlik və milli həmrəylik kimi dəyərlərin qorunması, həmçinin regionda dayanıqlı sülh və təhlükəsizliyin möhkəmləndirilməsidir.

Bəyanatda vurğulanıb ki, Vətən müharibəsi qəhrəmanlarının xatirəsi Azərbaycanın gələcək nəsillərə ötürəcəyi mühüm tarixi və mənəvi irs olaraq daim yaşayacaq.

XİN Anım Günü münasibətilə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsini bir daha dərin ehtiramla yad edib, bu yolda sağlamlıqlarını itirmiş müharibə iştirakçılarına cansağlığı arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir