Salyan rayonunda iki ayrı yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk qəza Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Volvo” ilə “VAZ-2107” toqquşub
Məlumata görə, “Volvo” markalı yük maşını ilə “VAZ-2107” markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində avtomobillərin sürücüləri – Bakı sakini, 1985-ci il təvəllüdlü Tağıyev Sərxan Hicran oğlu və Neftçala rayon sakini, 1963-cü il təvəllüdlü Kərimov Əlvan Mikayıl oğlu, həmçinin minik avtomobilində olan sərnişinlər – Neftçala rayon sakinləri, 1984-cü il təvəllüdlü Eyniyeva Şəhla Ağacan qızı, 2013-cü il təvəllüdlü E.F. və 2015-ci il təvəllüdlü E.R. müxtəlif dərəcəli xəsarətlər alıblar.
Digər avtomobil yoldan çıxaraq aşıb
İkinci qəza yeni Ələt-Astara magistral yolunun Salyan rayonundan keçən hissəsində baş verib.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Şəlalə Məmmədovanın idarə etdiyi minik avtomobili qəfil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan sərnişinlər – Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Məmmədova Könül Əli qızı və 2022-ci il təvəllüdlü M.T. müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralanan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

