İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Xəbər Yerində Xezerxeber.az-a istinadən xəbər verir ki, Ombudsman Vətən müharibəsinin başlamasından altı il ötdüyünü qeyd edib və müharibənin Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.
Müharibənin humanitar nəticələri
Səbinə Əliyeva bildirib ki, Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, uzun illər doğma torpaqlarından didərgin salınmış insanların pozulmuş fundamental hüquqlarının bərpasında da yeni mərhələnin başlanmasına səbəb olub.
Bəyanatda müharibə zamanı mülki əhalinin həyat və sağlamlığına zərər dəyməsi, yaşayış məntəqələrinin və sosial infrastrukturun dağıdılmasının ciddi humanitar nəticələr doğurduğu qeyd edilib.
Ombudsman vurğulayıb ki, silahlı münaqişələrin ən ağır yükünü dinc əhali daşıyır. Bu səbəbdən mülki əhalinin beynəlxalq humanitar hüquqa uyğun müdafiəsi və yaşamaq hüququnun təmin edilməsi daim diqqətdə saxlanılmalıdır.
Gəncə, Bərdə və Naftalanla bağlı faktlar
Bəyanatda Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə, Bərdə, Naftalan, Tərtər və digər şəhər və rayonlarının atəşə tutulduğu bildirilib.
Qeyd olunub ki, hücumlar nəticəsində mülki şəxslər arasında insan tələfatı və xəsarətlər baş verib, yaşayış evlərinə, sosial, təhsil, səhiyyə, dini və digər mülki obyektlərə ciddi ziyan dəyib.
Səbinə Əliyeva bildirib ki, Azərbaycan Ombudsmanının həmin dövrdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar nəticəsində hazırlanan hesabatlarda bu faktlar sənədləşdirilib.
Ombudsman mülki əhali və obyektlərin hədəfə alınması ilə bağlı faktların obyektiv və hərtərəfli araşdırılmasının, təqsirli şəxslərin müəyyən edilərək milli qanunvericilik və beynəlxalq hüquq normalarına uyğun məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.
Postmünaqişə dövrünün prioritetləri
Bəyanatda müharibə və münaqişə nəticəsində pozulmuş insan hüquqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsinin əsas humanitar prioritetlərdən olduğu bildirilib.
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, insanların öz doğma yurdlarına qayıdışının və fundamental hüquqlarının təmin edilməsinin sülh və dayanıqlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Sülh gündəliyinin əhəmiyyəti
Səbinə Əliyeva Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliləməsini və sülh sazişinin yekunlaşdırılması istiqamətində əldə olunan nəticələri regionun gələcəyi baxımından mühüm hesab edib.
Onun sözlərinə görə, bu proses dayanıqlı və uzunmüddətli sülhün, sabitliyin, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır.
Ombudsman əldə olunmuş sülh imkanlarının qorunması və davamlı sülhə çevrilməsinin beynəlxalq təşkilatların, dövlətlərin, milli insan hüquqları təsisatlarının və vətəndaş cəmiyyətinin üzərinə mühüm məsuliyyət qoyduğunu bildirib.
“Şəhidlərimizin xatirəsinə ən böyük ehtiram…”
Bəyanatda 27 sentyabrın Azərbaycanın tarixində xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Səbinə Əliyeva Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edib, onların ailələrinə səbir, müharibə iştirakçılarına və müharibədən zərər çəkmiş bütün insanlara sağlam və firavan gələcək arzulayıb.
Ombudsman qeyd edib ki, şəhidlərin xatirəsinə ən böyük ehtiram gələcək nəsillərin müharibə və zorakılıqdan uzaq, sülh, təhlükəsizlik və rifah şəraitində yaşamasına nail olmaqdır.
Bəyanatın sonunda Anım Gününün ölkəyə əmin-amanlıq, regiona möhkəm və davamlı sülh, insanlara müharibəsiz və təhlükəsiz həyat, eləcə də mütərəqqi inkişaf gətirməsi arzulanıb.

