Xəbər Yerində xəbər verir ki, Mingəçevir şəhərində tanışını aldadaraq külli miqdarda pul əldə edən 1980-ci il təvəllüdlü Sevinc Mahmudova barəsində hökm çıxarılıb.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, Mingəçevirdə fəaliyyət göstərən Kəlbəcər məktəbinin fizika müəllimi olan S. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib.
Valideyndən 65 min manat alıb
Araşdırmalar zamanı məlum olub ki, müəllimə əsas işindən əlavə repetitorluq fəaliyyəti də göstərib.
S. Mahmudova repetitorluq etdiyi şagirdlərdən birinin anasının külli miqdarda pulunun olduğunu öyrənib. Bundan sonra qadına özünün guya qızıl biznesi ilə məşğul olduğunu deyərək onun etimadını qazanıb.
Müəllimə bu yolla şagirdinin anasından ümumilikdə 65 min manat pul alaraq mənimsəyib.
5 il müddətinə həbs edildi
İşə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Sevinc Mahmudova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O, hökm elan olunan zaman məhkəmə zalındaca həbs olunaraq qandallanıb.
Bundan başqa, zərərçəkmiş şəxsin müəlliməyə qarşı mülki iddiası da təmin edilib.
Məhkəmənin qərarına əsasən, Sevinc Mahmudovadan 48 min manat tutularaq zərərçəkmişə ödənilməlidir.

