Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, Gəncə şəhərində keçmiş həyat yoldaşına qarşı zorakılıq törədən kişi barəsində məhkəmə hökmü çıxarılıb.
Hadisə Gülüstan qəsəbəsində yerləşən AKTA-6 yaşayış massivində baş verib.
1976-cı il təvəllüdlü, Kəlbəcər rayonundan olan məcburi köçkün Malik Məmmədov (soyad şərtidir) 2004-cü ildə Fəxriyyə adlı qadınla ailə həyatı qurub. Cütlüyün nikahından üç övlad dünyaya gəlib. Onlar 2015-ci ildə boşanıblar və bundan sonra ayrı-ayrı ünvanlarda yaşayıblar.
Qadının evində mübahisə düşüb
Məlumata görə, hadisədən bir müddət əvvəl Malik spirtli içki qəbul etdikdən sonra keçmiş həyat yoldaşı ilə görüşüb və onun evinə gedib.
Burada qısqanclıq zəminində tərəflər arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib.
Dava zamanı Malik evdən çəkic götürərək qadının baş nahiyəsinə zərbə endirib. Nəticədə Fəxriyyə ciddi xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan çıxdıqdan sonra yenidən hücum edib
Qadın xəstəxanada müalicə aldıqdan sonra evinə qayıdıb. Lakin bir neçə gün sonra keçmiş həyat yoldaşının növbəti hücumuna məruz qalıb.
Gecə saatlarında Malik Fəxriyyənin yaşadığı evə gəlib. O, yataq otağının pəncərəsindən içəri daxil olub.
Səsə oyanan qadın keçmiş ərindən dərhal evi tərk etməsini istəyib. Bu zaman Malik üzərində gəzdirdiyi bıçaqla Fəxriyyəyə zərbələr endirib.
Qadının qışqırıq səslərini eşidən qonşular hadisə yerinə gəliblər. Malik isə ərazidən qaçıb.
Yaralı qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Məhkəmə hökmü
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Malik Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və materiallar məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə M.Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

