Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyevin Milli Məclisin qəbul etdiyi qanunu imzalamayaraq parlamentə qaytarması bu məsələyə yenidən diqqət çəkib.
Söhbət Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanundan gedir.
Məsələnin aktuallığını nəzərə alaraq, indiyədək Prezident tərəfindən Milli Məclisə geri qaytarılmış qanun və qanun layihələrinə nəzər salırıq.
2015-ci il – “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun
2015-ci ildə Prezident İlham Əliyev “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunu imzalamadan Milli Məclisə qaytarıb.
Sənədin geri göndərilməsinin səbəbi qanunun ayrı-ayrı müddəalarının Konstitusiyanın tələbləri ilə ziddiyyət təşkil etməsi ilə əlaqələndirilib.
Qanunun 4-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olan respublika informasiya-məsləhət xidməti mərkəzinin yaradılması, həmin mərkəzin tərkibində fəaliyyət göstərəcək yerli qurumların təşkili, həmçinin mərkəzin funksiyaları və öhdəlikləri müəyyənləşdirilirdi.
Sənədin 5-ci və 15-ci maddələrinə əsasən isə kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyekti sayılan müvafiq icra hakimiyyəti orqanının xidmət göstərmək hüququ əldə etməsi üçün akkreditasiyadan keçməsi tələb olunurdu.
Prezidentin geri qaytarma qərarında qeyd olunurdu ki, həmin müddəalar Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cu maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil edir.
Bildirilib ki, bu müddəalar Konstitusiyanın 7-ci maddəsində təsbit edilən hakimiyyətlərin bölünməsi prinsipinə təsir göstərməklə, Prezidentin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdırır.
Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 64.9-cu maddəsinə istinad edilərək vurğulanıb ki, qanunda normaların həddindən artıq detallı şəkildə müəyyənləşdirilməsi Konstitusiya ilə icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlərə müdaxiləyə səbəb olmamalıdır.
Sənəddə qanunun hazırlanması zamanı “Normativ hüquqi aktlar haqqında” qanunun 25.2-ci və 64.4-cü maddələrinin tələblərinin də tam nəzərə alınmadığı bildirilib. Belə ki, bəzi müddəalarda həddindən artıq ümumiləşdirilmiş və qeyri-müəyyən ifadələrə, eyni məsələ ilə bağlı çoxsaylı normativ göstərişlərə yol verildiyi qeyd olunub.
Bu əsaslarla Konstitusiyanın 110-cu maddəsinin I hissəsi və 149-cu maddəsinin III hissəsi rəhbər tutulmaqla qanun imzalanmadan Milli Məclisə qaytarılıb.
2016-cı il – “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik
Prezident tərəfindən parlamentə geri qaytarılan digər sənəd 2016-cı ildə “Valyuta tənzimi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi olub.
Həmin vaxt sahibkarların çoxsaylı müraciətləri nəzərə alınaraq məsələ parlamentdə müzakirəyə çıxarılıb.
Qanun layihəsində bəzi kateqoriyalara aid şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin Azərbaycandan kənara xarici valyuta köçürməsi zamanı əməliyyat məbləğinin 20 faizi həcmində icbari yığımın tutulması və bu vəsaitin tam şəkildə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulurdu.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunub və Prezidentin qanun layihəsinin məqsədəuyğun hesab edilməməsi ilə bağlı təklifi qəbul edilib.
Daha sonra layihəyə müəyyən dəyişikliklər edilib və sənəd Prezident tərəfindən imzalanaraq təsdiqlənib.
2017-ci il – “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik
2017-ci ildə Prezident Milli Məclisin “Dövlət qulluğu haqqında” qanuna etdiyi dəyişikliklə bağlı sənədi də geri qaytarıb.
Bu dəfə əsas məsələ qanunun 8.1.1-ci maddəsinə – dövlət orqanlarının təsnifatına Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi ilə bağlı olub.
Qanunda müvafiq kateqoriyaya Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən səlahiyyətləri müəyyənləşdirilən qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Prezident Administrasiyası, dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar, icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə daxil idi.
2018-ci il – “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi
2018-ci ildə geri qaytarılan sənədlər arasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi də olub.
Lakin bu dəfə sənəd Prezident tərəfindən deyil, Milli Məclisin özü tərəfindən aidiyyəti şöbəyə yenidən baxılması üçün göndərilib.
Qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında bəzi məsələlərlə bağlı fikir ayrılığı yaranıb. Sənəddə bir sıra məsələlərin əksini tapmadığı bildirilib.
Eyni zamanda qanun layihəsinin əlil cəmiyyətləri ilə müzakirə edilməsinin vacibliyi vurğulanıb. Bundan sonra sənədin plenar iclasa çıxarılmasından əvvəl yenidən nəzərdən keçirilməsi məqsədəuyğun hesab olunub.
Bu səbəbdən qanun layihəsi yenidən baxılması üçün Milli Məclisin Sosial qanunvericilik şöbəsinə göndərilib.
Prezident qanunu nə qədər müddət ərzində imzalayır?
Konstitusiyaya əsasən, Milli Məclis tərəfindən qəbul edilən qanunlar qəbul olunduğu tarixdən etibarən 14 gün ərzində Azərbaycan Prezidentinə imzalanmaq üçün təqdim edilir.
Prezident isə qanunu ona təqdim edildiyi gündən başlayaraq 56 gün müddətində imzalayır.
Əgər qəbul edilmiş qanun dövlət başçısının etirazına səbəb olarsa, Prezident onu imzalamadan, öz etirazlarını əlavə etməklə həmin müddət ərzində Milli Məclisə geri qaytara bilər.

