Azərbaycan Prezidenti İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət edib.
Xəbər Yerində xəbər verir ki, dövlət başçısı müraciətində sərgi iştirakçılarını və qonaqları tədbirlərin açılışı münasibətilə təbrik edib.
“ADEX” regionun mühüm müdafiə sənayesi platformalarından biridir
Prezident Bakı şəhərində ənənəvi olaraq keçirilən “ADEX” sərgisinin regionun mötəbər və faydalı müdafiə sənayesi platformalarından birinə çevrildiyini bildirib.
Dövlət başçısı sərgiyə marağın ildən-ilə artdığını, müxtəlif ölkələrin və aparıcı şirkətlərin tədbirdə təmsil olunduğunu qeyd edib. Onun sözlərinə görə, bu amillər sərginin aktuallığını və beynəlxalq əhəmiyyətini göstərir.
İlham Əliyev bildirib ki, dost və tərəfdaş ölkələrin müdafiə sənayesi qurumlarını, hərbi ekspertlərini və şirkətlərini bir araya gətirən sərgi müdafiə sənayesinin müxtəlif istiqamətləri üzrə ən son texnologiyaların, müasir silah sistemlərinin, hərbi texnika nümunələrinin və innovativ həllərin nümayişinə şərait yaradır.
Azərbaycanın müdafiə sənayesində istehsal imkanları genişlənib
Prezidentin müraciətində müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsinin Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Qeyd edilib ki, həyata keçirilən tədbirlər nəticəsində ölkənin müdafiə sənayesi inkişaf edərək yeni mərhələyə qədəm qoyub və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
İlham Əliyev yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsulların Silahlı Qüvvələrin təchizatında mühüm yer tutduğunu bildirib.
Müraciətdə həmçinin Azərbaycanın müdafiə sənayesi məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyəti ilə seçildiyi və müxtəlif ölkələrin aidiyyəti qurumlarında maraq doğurduğu qeyd olunub.
“Securex Caspian” 15-ci dəfə keçirilir
Prezident bildirib ki, “ADEX” sərgisi Azərbaycanın müdafiə-sənaye kompleksinin imkanları ilə yanaşı, innovativ texnologiyalarının beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
“ADEX” ilə paralel keçirilən “Securex Caspian” sərgisinin isə bu il artıq 15-ci dəfə təşkil olunduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, “Securex Caspian” təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində qabaqcıl texnologiyaların nümayiş etdirildiyi ixtisaslaşmış tədbirlərdən biri kimi formalaşıb.
İlham Əliyev əmin olduğunu bildirib ki, hər iki sərgi iştirakçılar arasında yeni işgüzar əlaqələrin yaradılmasına və hərbi-texniki əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək.
Prezident müraciətinin sonunda sərgi iştirakçılarını bir daha salamlayaraq tədbirlərin işinə uğurlar, iştirakçılara isə səmərəli fəaliyyət arzulayıb.

