Oktyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Xəbər Yerində xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ay ərzində yağıntıların miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.
Oktyabrın birinci ongünlüyünün ilk yarısında ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə isə yağıntının sulu qara keçəcəyi bildirilir.
Bakıda və Abşeronda temperatur 27 dərəcəyə yüksələ bilər
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 16-19°C isti olacağı gözlənilir. Bu göstəricinin iqlim normasına yaxın və bir qədər yüksək olacağı qeyd edilir.
Gecələr temperaturun 13-18°C, gündüzlər 18-23°C, bəzi günlərdə isə 25-27°C isti olacağı ehtimal olunur.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı gözlənilir. Burada iqlim norması 26-40 mm təşkil edir.
Naxçıvanda 33 dərəcə isti olacaq
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında orta aylıq temperaturun 16-19°C isti olacağı bildirilir.
Gecələr 12-17°C, gündüzlər 23-28°C isti, bəzi günlərdə isə 30-33°C isti hava gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Norma 19-32 mm-dir.
Dağlıq ərazilərdə temperatur daha aşağı olacaq
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, eləcə də Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 9-13°C isti olacağı gözlənilir.
Gecələr temperatur 5-10°C, gündüzlər 13-18°C, bəzi günlərdə isə 23-25°C isti olacaq.
Bu ərazilərdə aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir. Norma 47-56 mm-dir.
Şərqi Zəngəzurda hava necə olacaq?
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında orta aylıq temperaturun 10-13°C isti olacağı ehtimal edilir.
Gecələr temperaturun 4-9°C, gündüzlər 12-17°C, bəzi günlərdə isə 19-24°C isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır. Norma 53-56 mm-dir.
Gəncə və ətraf rayonlarda 28 dərəcə isti gözlənilir
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər və Füzuli rayonlarında orta aylıq temperaturun 15-18°C isti olacağı bildirilir.
Gecələr temperatur 12-17°C, gündüzlər 19-24°C, bəzi günlərdə isə 26-28°C isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Norma 31-36 mm təşkil edir.
Şimal bölgəsində temperatur 28 dərəcəyədək yüksələcək
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperaturun 13-16°C isti olacağı gözlənilir.
Gecələr temperatur 9-14°C, gündüzlər 17-22°C, bəzi günlərdə 25-28°C isti olacaq.
Dağlıq ərazilərdə gecələr 2-7°C, gündüzlər 7-12°C isti hava proqnozlaşdırılır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir. Norma 33-126 mm-dir.
Aran rayonlarında 29 dərəcə isti olacaq
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada orta aylıq temperaturun 17-19°C isti olacağı ehtimal edilir.
Gecələr 13-18°C, gündüzlər 19-24°C, bəzi günlərdə isə 26-29°C isti hava gözlənilir.
Bu ərazilərdə aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir. Norma 31-46 mm-dir.
Cənub bölgəsində 26 dərəcəyədək isti olacaq
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında orta aylıq temperaturun 15-18°C isti olacağı gözlənilir.
Gecələr temperatur 13-18°C, gündüzlər 18-23°C, bəzi günlərdə isə 26°C isti olacaq.
Dağlıq ərazilərdə gecələr temperatur 5-10°C, gündüzlər 12-17°C, bəzi günlərdə isə 20-24°C isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur. Bu ərazilər üzrə norma 96-274 mm-dir.

