İlham Əliyev Si Cinpinə təbrik məktubu göndərdi

İlham Əliyev Si Cinpinə təbrik məktubu göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Çin Prezidenti Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Dövlət başçısı məktubunda Si Cinpini və onun simasında Çin xalqını 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə təbrik edib.

İlham Əliyev Çinin son illərdə milli rifah, sosial-iqtisadi və elmi-texniki tərəqqi, innovativ inkişaf və digər sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Çinin qlobal miqyasda nüfuzlu güc mərkəzlərindən birinə çevrildiyini qeyd edib.

Azərbaycan-Çin münasibətləri yeni mərhələdə

Prezident Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

Məktubda iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, həmçinin dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi dəstək Azərbaycan-Çin münasibətlərinin əsas xüsusiyyətləri kimi qeyd olunub.

İlham Əliyev bildirib ki, dövlətlərarası əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tərəflərin siyasi iradəsinin və birgə səylərinin nəticəsidir.

İqtisadi və enerji əməkdaşlığı genişlənir

Dövlət başçısı son dövrdə Azərbaycan-Çin əlaqələrinin iqtisadi-ticari, nəqliyyat-logistika, investisiya, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə dinamik inkişaf etdiyini bildirib.

O, ölkələr arasında bir ildən artıqdır tətbiq olunan vizasız gediş-gəliş rejiminin insanlararası əlaqələrin və turizmin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Prezident həmçinin Çinin təşəbbüsü olan “Kəmər və yol” layihəsinin, o cümlədən Orta Dəhlizin və Mərkəzi Asiya ölkələri ilə həyata keçirilən digər bağlantı layihələrinin əhəmiyyətinə toxunub.

İlham Əliyev enerji sahəsində əməkdaşlığın da yeni mərhələyə keçdiyini bildirib. Çinin “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində fəaliyyətini qeyd edən dövlət başçısı şirkətin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının açılışını iki ölkə arasında iqtisadi əlaqələrin şaxələndirilməsinin nümunəsi kimi dəyərləndirib.

Prezident əminliyini ifadə edib ki, Azərbaycan və Çin arasında dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bundan sonra da inkişaf edərək daha da möhkəmlənəcək.

İlham Əliyev Si Cinpinə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar, Çin xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir