Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı hospitalizasiya olunanların sayı 21-ə çatıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, saat 10:20 radələrindən başlayaraq 21 nəfər – 17 kişi və 4 qadın zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Onların vəziyyəti stabil qiymətləndirilir.
Şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ilkin araşdırmalara əsasən, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş şirniyyat məhsulu səbəb olub.
AQTA hadisəni dərhal nəzarətə götürərək araşdırmaya başlayıb.
“Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.
Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.
Şagirdlər evdən gətirilən qənnadı məmulatından istifadə edib
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib və məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb.
İlkin ehtimallara əsasən, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib.
Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırma aparılır.
Qeyd edək ki, hadisə ilə bağlı ilkin mərhələdə 14 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Daha sonra bu rəqəm 21-ə yüksəlib.




